Keçmişimizi unutmağa çalışmamalıyıq - Psixoloq
Zaman ötüb keçsə də, yaddaşın dərinliklərində silinməyən izlər qalır. Bəzi anlar var ki, illər keçməsinə baxmayaraq nə unudulur, nə də təsirini itirir. İnsan nə qədər unutmağa çalışsa da, həmin xatirələr bəzən gözlənilmədən yenidən qayıdır və keçmişi xatırladır. Həyatın bu görünməz yükü isə çox zaman insanın içində səssiz şəkildə yaşamağa davam edir.

Mövzu ilə əlaqədar İngla Kids and Preschool un direktor müavini, psixoloq Aysu Həsənova Crossmedia.az-a psixoloji məqamları izah edib. Onun fikrincə, insan keçmişi unutmağa çalışmalı deyil, onu qəbul edib onunla yaşamağı öyrənməlidir. Çünki beyin yaşanmış hadisələri silmək üçün deyil, onları mənalandırmaq üçün işləyir:
" Unutmağa məcbur etdiyimiz xatirələr, əksinə, daha çox geri qayıdır və bizi daha dərindən təsirləndirir. Əsl psixoloji rahatlıq unutmaqdan yox, qəbul etməkdən gəlir. İnsan başına gələnləri inkar etmədən, onları həyat hekayəsinin bir hissəsi kimi gördükdə daxili gərginlik azalır və daha sağlam şəkildə irəliləyə bilir.Unudulmayan xatirələr adətən güclü emosiyalarla bağlı olur. Xüsusilə qorxu, utanc, peşmanlıq və ya dərin kədər hissi ilə yaşanan hadisələr beynimizdə daha dərin iz buraxır. Beyin bu cür anları sanki təhlükə siqnalı kimi yadda saxlayır ki, gələcəkdə eyni vəziyyətlə qarşılaşanda bizi qoruyabilsin. Amma problem ondadır ki, bu mexanizm bəzən artıq həssaslaşır və insanı keçmişdə “ilişib qalmağa” məcbur edir. Bəzi hallarda isə insan keçmişdə demədiyi sözlərə, etmədiyi davranışlara görə beynində həmin səhnəni təkrar-təkrar yaşayır və bu da daxili yorğunluq yaradır.Burada az diqqət edilən bir məqam var. İnsan əslində hadisənin özünü yox, o hadisə ilə bağlı verdiyi mənanı xatırlayır. Yəni eyni hadisəni yaşayan iki fərqli insan onu tam fərqli şəkildə xatırlaya bilər.
Psixoloq bildirib ki, əgər insan keçmişdə baş verən bir hadisəni “mən kifayət qədər yaxşı deyiləm” kimi mənalandırıbsa, həmin xatirə zaman keçsə də öz təsirini saxlayır:
"Ona görə də problem çox vaxt xatirənin özü deyil, onun bizdə yaratdığı daxili inancdır.Bu cür xatirələrdən azad olmaq üçün ilk addım onlardan qaçmamaqdır. İnsan nə qədər qaçırsa, o qədər həmin xatirənin təsiri güclənir. Əvəzində, həmin hadisəyə daha sakit və obyektiv baxmağı öyrənmək lazımdır. Özünə bu sualı vermək çox faydalıdır: mən bu hadisəyə bu günkü ağlımla baxsam, eyni şəkildə qiymətləndirərdimmi? Bu sual insanın düşüncə tərzini dəyişməyə kömək edir.Digər vacib addım isə özünə qarşı daha anlayışlı olmaqdır. İnsanlar çox vaxt keçmişdə etdikləri səhvlərə görə özlərini illərlə cəzalandırırlar. Halbuki hər bir insan o an sahib olduğu bilik və emosional vəziyyətlə qərar verir. Bu baxış bucağı dəyişdikdə insan özünə qarşı daha yumşaq yanaşmağa başlayır və daxili yük azalır.Həmçinin xatirəni yenidən çərçivələndirmək çox təsirli bir yanaşmadır. Yəni həmin hadisəyə yalnız ağrı verən bir təcrübə kimi yox, həm də öyrədən bir təcrübə kimi baxmaq. Bu o demək deyil ki, yaşanan ağrı kiçildilir, əksinə, ona yeni bir məna verilir. Bu zaman insan keçmişin təsiri altında qalmaq əvəzinə, ondan güc almağa başlayır. Keçmiş dəyişmir, amma onun bizə təsiri dəyişə bilər. İnsan keçmişi ilə mübarizə aparanda yorulur, amma onu qəbul edib anlamağa çalışanda güclənir. Psixoloji sağlamlıq da məhz bu balansı tapmaqdan keçir".
Fatimə
20:43 10.04.2026
Oxunuş sayı: 52