Azərbaycanda yoldaşının soyadını alan kişilər – görünməyən səbəblər üzə çıxır
Azərbaycanda nikah zamanı soyad seçimi ilə bağlı açıqlanan statistika cəmiyyətdə müzakirə doğurub. Kişilərin həyat yoldaşının soyadını qəbul etməsi nadir hallarda rast gəlinən bir seçim kimi diqqət çəkir. Ədliyyə Nazirliyi tərəfindən verilən məlumata görə, cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını götürüb. Mövzu ətrafında fərqli yanaşmalar da səsləndirilir. Bəzi hallarda bu qərarın şəxsi istəkdən deyil, müxtəlif səbəblərlə – o cümlədən xaricdə hüquqi status, sənədləşmə və ya yaşayış məsələləri ilə bağlı verildiyi iddia olunur. Lakin bu kimi hallar rəsmi statistikada ayrıca qeyd edilmir.

Sosioloq Naib Nifteliyev bu bərədə Crossmedia.az-a fikirlərini bildirib: "Ola bilər ki, hansısa obyektiv səbəb və yaxud şəxsi təhlükəsizlik baxımından soyadını dəyişməyə bu insanların ehtiyacı yaranır. Bunu qüvvətli şəkildə ictimailəşdirmək elə özü bir az mübahisə predmeti, müzakirə predmeti olan bir məsələdir. Və istisna deyil ki, kimsə bunu könüllü olaraq və yaxud şəxsi maraqları çərçivəsində, yaxud ailə uzlaşmasının bir nəticəsi olaraq qəbul edir. Düşünmürəm ki, bu proses kütləviləşərək cəmiyyəti əhatə edəcək. Yəni, prinsip etibarilə tərəflər razılaşıb bu məsələdə ümumi bir qərar qəbul edirlər. Normal dəyərləri ifadə edən şərtlər ondan ibarətdir ki, bir qayda olaraq xanımlar ailə qurarkən həyat yoldaşının soyadını qəbul edirlər. Bunun da səbəbi mahiyyət etibarilə aydındır. Yəni, ailəni quran və idarə edən tərəf adətən kişilər sayılır və xanımlar da bu prosesdə bərabər iştirakçı olmaqla yanaşır. Yəni, birgə qərar qəbul edərkən, övladların adətən ata soyadını daşımasına qərar verirlər.
Bu, bir həyat nümunəsidir və kimin isə övladı, oğlu, qızı olaraq öz təbii soyadını daşımaq hüququnu əlindən almır. Yəni, insan ailə qurarkən soyadını dəyişə də bilər, saxlaya da bilər. Bu, qanunvericilikdə yol verilən hallardan biridir. Tərəflər öncədən bu məsələdə razılaşdırılmış qərar qəbul edirlər və ailədəki qadınların böyük əksəriyyəti bunu birmənalı şəkildə qəbul edir. Çox hallarda isə həm öz soyadını saxlayan, həm də həyat yoldaşının soyadını qəbul edən xanımların sayı da əhəmiyyətli dərəcədə artıb".
Sosioloq qeyd edib ki, kişilərin isə bu nümunədə davranışları bir az fərqlidir və bu davranışın Azərbaycan cəmiyyəti üçün səciyyəvi hala çevrilməyəcək: " Əsaslandırma ilə bağlı müxtəlif fərqli səbəblər göstərilir. Bəzi hallarda deyək ki, bu daha çox deportasiya faktoru ilə əlaqələndirilir. Məsələn, xaricdə çalışan, orada fəaliyyət göstərən, ailəsini dolandıran şəxslər hansısa əsaslı səbəbdən oradan kənarlaşdırıla bilər. Yaxud Rusiyadan va digər ölkələrdən deportasiya ediləndə belə faktorlar ortaya çıxır. Bu zaman bəzi şəxslər adını-soyadını dəyişərək həmin deportasiya yükündən yayınmağa çalışırlar. Əvvəllər bunu etmək daha asan idisə, indi bir qədər çətinləşib. Bu mənada, Azərbaycan cəmiyyəti üçün belə faktlar ümumi mənzərədə böyük və səciyyəvi xüsusiyyət hesab olunmur. Bu onu göstərir ki, Azərbaycanda belə faktlar say baxımından çox deyil və ümumi tendensiyanı əks etdirmir. Bununla yanaşı, təbii ki, müəyyən sosial risklər də mövcuddur və gender rollarının yanlış anlaşılması baxımından bu faktların müəyyən mənfi təsirləri ola bilər".
N.Nifteliyevin qənaətinə görə ümumilikdə faktların statistikası hələ ciddi narahatlıq yaratmır: "Soyad məsələsi həll edilərkən ailə münasibətlərinin modernləşməsi ilə yanaşı, dəyərlərin qorunub saxlanması və möhkəmləndirilməsi də təmin olunmalıdır. Ailə inkişaf etməlidirsə, bu, sədaqət, ailədə qadın və kişinin rolunun dəqiq müəyyən edilməsi, qarşılıqlı hörmət, sadiqlik kimi prinsiplərin arxa plana keçməsinə səbəb olmamalıdır. Bu istiqamətdə müəyyən mənəvi deqradasiyaya yönələn kənar təsirlər də özünü göstərir və bu təsirlərin rolu müəyyən qədər hiss olunur. Ümumiyyətlə, əxlaq, mədəniyyət, mənəviyyat və ənənələrdən gələn dəyərlər də gələcəyə daşınmalıdır. Yəni, bu kimi davranış və fəaliyyətlərdə çox da nəzərə çarpmayan, amma etnomədəni formada formalaşmış davranış nümunələri və dəyərlər cəmiyyətdə sabitliyin və inkişafın əsasını təşkil edir. Dəyər, ədəb olan yerdə ruzi, bərəkət və inkişaf da olur. İnsanın psixikasının sağlamlığı onun əxlaqi dəyərlərinin nə dərəcədə möhkəm olmasından da asılıdır.Psixika sağlamlığı ilə bağlı olan bir məsələdir. Yəni, ruhi sağlamlıq, ruhi harmoniya həm də əxlaqa, mədəniyyətə, sədaqətə və sabitliyə əsaslanır".
Fatimə Məmmədova
19:13 10.04.2026
Oxunuş sayı: 47