Kim Çen Inın “utancı” işçilərinə baha başa gəldi: 3 nəfər həbs olunub

Şimali Koreyada 5 min tonluq hərbi gəminin suya endirilməsi zamanı baş verən qəza ilə əlaqədar olaraq üç gəmi əməkdaşı həbs edilib.
Hadisə, Şimali Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus ikinci 5 min tonluq “destroyer”in lider Kim Çen Inın gözü qarşısında suya endirilərkən sliptən sürüşərək yıxılması və zədələnməsi ilə bağlıdır. Kim bu hadisəni “səhlənkarlıq” və “cinayət əməli” kimi qiymətləndirərək məsul şəxslərin cəzalandırılması barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Associated Press agentliyi hadisəni, Kim Çen Inın ABŞ rəhbərliyindəki təhlükələrə qarşı donanmanı gücləndirmək planlarına ciddi zərbə və “utanc” kimi dəyərləndirib. CNN International isə Kim Çen Inın qəzanın şahidi olduğunu xüsusi vurğulayıb.
Dövlət mediasının yaydığı xəbərə görə, Çonqcin tersanesində baş mühəndis, gəminin gövdəsinin inşa edildiyi sexin məsul şəxsi və inzibati işlər üzrə müavin saxlanılıb. Daha əvvəl tersane müdiri Honq Kil Ho da dindirilməyə çağırılıb.
Kim Çen In hadisəni “cinayət əməli”, “tam səhlənkarlıq və məsuliyyətsizlik” kimi ifadələrlə xarakterizə edib. O, məsul qurumlar sırasında Silah Sənayesi İdarəsi, Kim Çxek Texnologiya Universiteti və mərkəzi gəmi layihələndirmə bürosunu da göstərib.
Hadisədən sonra peyk görüntülərində gəminin bir hissəsinin suda, digər hissəsinin isə quruya çıxmış vəziyyətdə olduğu və üzərinin qismən mavi brezentlə örtülməyə çalışıldığı müşahidə olunub.
Mədinə Cəlilova
10:55 25.05.2025
Oxunuş sayı: 524