Qəzzada dörd yaşlı uşaq aclıqdan həyatını itirdi

İsrailin tətbiq etdiyi blokada nəticəsində Qəzza zolağında yaşayan dörd yaşlı Məhəmməd Mustafa Yasin aclıqdan həyatını itirib.
Crossmedia.az xəbər verir ki, Qəzza Sivil Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal məsələ ilə bağlı verdiyi açıqlamaya görə, Yasin İsrailin aclıq siyasəti nəticəsində həyatını itirən uşaqlardan biridir:
“Bu uşaq, Qəzza şəhərində yaşayırdı və məqsədli şəkildə aclığa məruz qoyularaq öldürüldü”.
Basal Yasinin Qəzzada aclıqdan ölən ilk uşaq olmadığını qeyd edərək, bölgəyə ərzaq və içməli su daxil olmadığı təqdirdə, bu cür faciələrin davam edəcəyini bildirib:
“Bu uşağın yaşaması, böyüməsi və xoşbəxt olması lazım idi. Amma İsrail onu bu hüquqlardan məhrum etdi. Ona görə də beynəlxalq ictimaiyyət, təşkilatlar və içində bir zərrə insanlıq qalan hər kəs bu zülmə son qoymaq üçün dərhal hərəkətə keçməlidir. Əks halda, daha çox ‘Yasin’ öləcək”.
Digər tərəfdən, Qəzzadakı Fələstin Hökumətinin məlumatına görə, İsrailin sistemli şəkildə həyata keçirdiyi aclıq siyasəti nəticəsində son 80 gündə 326 nəfər həyatını itirib.
Rəsmi məlumatda qeyd olunub ki, bu müddətdə 58 nəfər birbaşa yetersiz qidalanma, 242 nəfər ərzaq və dərman çatışmazlığı, 26 böyrək xəstəsi isə tibbi xidmətin olmaması səbəbilə ölüb. Bundan əlavə, 300-dən çox düşük hadisəsi qeydə alınıb.
Mədinə Cəlilova
10:26 25.05.2025
Oxunuş sayı: 664