Rusiyanın Ukraynaya hava hücumları: Ölənlər və yaralananlar var

Ukrayna rəsmiləri Rusiyanın paytaxt Kiyev başda olmaqla bir sıra şəhərlərə hava hücumu təşkil etdiyini açıqlayıb.
Hücumlar nəticəsində Kiyev və ətraf bölgələrdə üç nəfər həlak olub, azı 11 nəfər yaralanıb.
Bu hücumlar Rusiya və Ukrayna arasında həyata keçirilən əsir mübadiləsindən bir neçə saat sonra baş verib. Bildirilib ki, həyatını itirən üç nəfər Kiyev yaxınlığındakı iki qəsəbədə ölüb.
Crossmedia.az xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, hücumlar Kiyev, ölkənin ikinci ən böyük şəhəri Xarkov, cənubdakı Mykolayiv və qərbdəki Ternopil bölgələrini əhatə edib. Kiyevin hərbi idarə rəhbəri Timur Tkaçenko insansız hava aparatları (İHA) ilə həyata keçirilən hücumlarda 11 nəfərin yaralandığını bildirib.
Kiyevin Holosiivskyi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasına zərbə dəyib. Nəticədə binada yanğın baş verib, fasadı ciddi zədələnib. Digər hücumlarda bir yaşayış evi və bir iş mərkəzi də zərər görüb.
Xarkovun meri İhor Terehov şəhərdə üç rayonun hədəfə alındığını və nəticədə üç nəfərin yaralandığını bildirib. Mykolayiv şəhərində isə iki nəfər yaralanıb.
Bu, Rusiyanın ardıcıl ikinci gecə Ukraynanın müxtəlif şəhərlərinə genişmiqyaslı hücumlarıdır. Cümə axşamı da Kiyev İHA və ballistik raketlərlə hədəf alınmışdı.
Rusiya Müdafiə Nazirliyi isə açıqlamasında dörd saat ərzində Ukraynaya məxsus 95 İHA-nın zərərsizləşdirildiyini bəyan edib. Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşan 12 Ukrayna İHA-sının qarşısının alındığını deyib.
Mədinə Cəlilova
10:10 25.05.2025
Oxunuş sayı: 1424