Netanyahunun prioritetləri sual altında: İsraildə hökumət əleyhinə etirazlar güclənir



İsraildə hökumət əleyhinə etirazlar davam edir. Ölkənin müxtəlif bölgələrində minlərlə insan küçələrə axışaraq Baş nazir Benyamin Netanyahunun siyasətinə qarşı narazılıqlarını ifadə edib və Qəzzada girov saxlanılan israilli əsirlərin azadlığa buraxılmasını tələb ediblər.
Crossmedia.az İsrail mətbuatına istinadən xəbər verir ki, etirazlar zamanı ABŞ Prezidenti Donald Tramp və Netanyahuya bənzər fiqurlar nümayiş etdirilib. Etirazçılar həmçinin hökumətin Qəzzadakı əməliyyatları nəticəsində girovların həyatının risk altında olduğunu vurğulayıblar.
Haaretz qəzetinin xəbərinə görə, yanvar ayında Həmasla əldə edilən atəşkəs və girov mübadiləsi çərçivəsində azad olunan israilli əsgər Naama Levi, Tel-Əvivdə keçirilən aksiyada çıxış edib. O, girovluqda olduğu müddətdə onu ən çox qorxudan şeyin İsrail ordusunun hava hücumları olduğunu deyib.
477 gün girov saxlanıldıqdan sonra azad edilən Levi bildirib:
“İsrailin hər hücumundan sonra bunun son olduğunu düşünürdüm. Bu, mənim üçün ən qorxunc anlardan biri idi. Həmin hücumların biri zamanı olduğum evin bir hissəsi dağıldı. Divar çöksəydi, həyatımı itirə bilərdim. Qəzzada qalan digər girovlar da bu təhlükə ilə üz-üzədir”.
İsraildə aparılan yeni rəy sorğusu isə xalqın Netanyahuya qarşı münasibətini bir daha ortaya qoyub. The Times of Israel saytının yaydığı məlumata görə, Kanal 12 televiziyasının keçirdiyi sorğuda iştirak edənlərin 55 faizi Netanyahunun əsas məqsədinin hakimiyyətdə qalmaq olduğunu düşündüyünü bildirib.
Respondentlərin yalnız 36 faizi onun girovların azadlığı ilə daha çox maraqlandığını qeyd edib. 9 faiz isə Netanyahunun məqsədi barədə dəqiq fikir bildirə bilməyib.
Hazırkı etirazlar və sorğu nəticələri göstərir ki, İsrail cəmiyyətində Netanyahunun siyasi prioritetlərinə olan inam ciddi şəkildə zəifləyib.
Mədinə Cəlilova
09:56 25.05.2025
Oxunuş sayı: 885