İranda elektrik və su böhranı: Prezident Pezeşkiyandan çağırış

İran prezidenti Məsud Pezeşkiyan, ölkədə elektrik və su böhranı ilə bağlı vəziyyətə diqqət çəkərək əhalidən dəstək istəyib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Tehranda keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Konfransında çıxış edən Pezeşkiyan, enerji istehlakının qeyri-normal səviyyədə yüksək olduğunu və bunun qarşısının alınması üçün ictimai dəstəyin vacib olduğunu bildirib.
Prezident çıxışında, “Qiymətlərin bu səviyyədə qalması mümkün deyil. Biz elektrik enerjisini pulsuz verdikdə, onun dəyəri bilinmir,” deyə qeyd edib. O, ölkənin enerji siyasətində dəyişikliklərin olacağını və bərpa olunan enerji mənbələrinə, xüsusilə günəş enerjisinə üstünlük veriləcəyini vurğulayıb.
Pezeşkiyan əlavə edib ki, İran bir çox Avropa ölkələri ilə müqayisədə altı dəfə daha çox elektrik enerjisi istehlak edir: “Əgər insanlar daha dəstəkləyici olsalar, bu vəziyyəti düzəldə bilərik.”
Prezident həmçinin elektrik tariflərinin yetərli olmadığını deyərək, inkişaf etmiş bir ölkə olmaq üçün bərpa olunan enerji mənbələrinə keçidin zəruri olduğunu bildirib.
Digər tərəfdən, Tehranda dövlət idarələrinin bəzi ofislərində həddindən artıq su sərfiyyatı səbəbilə suyun kəsildiyi açıqlanıb.
Təbii qaz və neft ehtiyatları baxımından dünyanın ən zəngin ölkələrindən biri olan İran, son aylarda tətbiq olunan iqtisadi sanksiyalar, zəif infrastruktur və artan enerji tələbi səbəbilə ciddi enerji böhranı ilə üzləşib.
İranda enerji qənaəti tədbirləri son aylarda daha da geniş yayılıb. Xüsusilə isti yay günlərində kondisionerlərin istifadəsinin artması enerji tələbatını kəskin şəkildə yüksəldib və bu, hökumətin resursların qənaətlə istifadəsi üçün tez-tez xalqa müraciət etməsinə səbəb olub.
Mədinə Cəlilova
03:00 25.05.2025
Oxunuş sayı: 686