İsraildə siyasi zəlzələ: Avropanın qəzəbi artır, Tramp susur

İsrailin Qəzzadakı hərbi əməliyyatları və humanitar yardımlara qoyduğu məhdudiyyətlər beynəlxalq aləmdə sərt reaksiyalara səbəb olub. Böyük Britaniya, Fransa və Kanadanın ortaq bəyanatı ilə başlayan diplomatik təzyiqlər, yeni sanksiyalar və ticarət əlaqələrinin dayandırılması ilə davam edir. Avropa ölkələri İsraili açıq şəkildə xəbərdar edib.
Avropa Birliyindən sərt addım: münasibətlər yenidən dəyərləndirilir
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ortaq bəyanatdan dərhal sonra Avropa Birliyi də mühüm qərar qəbul edib. Rəsmi Brüssel, 2000-ci ildən bu yana İsraillə qüvvədə olan Tərəfdaşlıq Sazişini yenidən nəzərdən keçirəcəyini açıqlayıb. Bu qərar, Avropa İttifaqının Tel-Əvivə qarşı siyasətində ciddi dəyişikliklərin baş verəcəyinə işarə kimi dəyərləndirilir.
Baş verənlər İsrailin beynəlxalq aləmdə getdikcə daha da təcrid olunduğunu göstərir.
Trampdan qarışıq mesajlar: səssizlik və narahatlıq
Digər Qərb liderləri sərt və açıq bəyanatlar verdiyi halda, ABŞ Prezidenti Donald Trampın mövqeyi diqqət çəkir. Tramp, Körfəz ölkələrinə səfərinin sonunda qısa açıqlamasında “çox sayda insan aclıqdan ölür” deyib. Ağ Ev rəsmiləri isə Trampın müharibədən narazı qaldığını və İsrail hökumətindən bu münaqişəyə son qoymağı istədiyini bildiriblər.
Lakin bütün bu açıqlamalara baxmayaraq, Trampın açıq və qəti mövqe sərgiləməməsi beynəlxalq ictimaiyyətdə suallar doğurur. Onun sükutu, ABŞ-nin bu münaqişədəki rolunu yenidən gündəmə gətirib.
Mədinə Cəlilova
22:30 24.05.2025
Oxunuş sayı: 601