Səhrada köməksiz qalan yeddi sudanlı köçkün ölü tapılıb

Afrika və Yaxın Şərqdəki yoxsulluqdan və münaqişələrdən qaçaraq Avropaya getməyə çalışan sudanlı köçkünlərin bir qrupu Liviya səhrasında dəhşətli faciə ilə qarşılaşıb. Avtomobilləri xarab olan və günlərlə susuz, qidasız şəkildə səhrada qalan yeddi nəfərin cəsədləri tapılıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Liviya ilə Çad sərhədində yerləşən Kufra bölgəsində ambulans və təcili yardım xidmətinin rəhbəri İbrahim Belhassan, hadisənin Çaddan Liviyaya keçmək istəyən 34 sudanlının olduğu avtomobilin səhrada xarab olması nəticəsində baş verdiyini bildirib. Onun sözlərinə görə, sürücünün istifadə etdiyi yol insan alverçiləri tərəfindən tez-tez istifadə olunan, səssiz və müşahidəsiz bir yoldur.
Məlumata əsasən, miqrantlar 11 gün ərzində səhrada susuz və qidasız qaldıqdan sonra ölüblər. Sağ qalanlar isə ağır vəziyyətdə Kufra şəhərinə aparılıb və tibbi nəzarət altına alınıb. Belhassan vəziyyətin nə qədər acınacaqlı olduğunu belə ifadə edib: “Onlar bir-birinin ölümünə şahid olub, növbədə özlərinin olub-olmadığını düşünürdülər.”
Xilasedilən 22 nəfərin arasında beş uşaq da var. Beş nəfər isə hələ də itkin düşmüş sayılır. Rəsmi şəxslər səhrada piyada şəkildə sağ qalma ehtimallarının çox zəif olduğunu bildirirlər.
Liviya coğrafi mövqeyi baxımından köçkünlərin Avropaya keçmək üçün seçdiyi əsas yollardan biridir. Altı ölkə ilə sərhəddi olan və Aralıq dənizi boyunca geniş sahil xəttinə malik bu ölkədə 2024-cü il etibarilə təxminən 787 min köçkün və qaçqının yaşadığı bildirilir. Belhassan ötən il ərzində təkcə Kufra bölgəsində səhrada aşkar edilən 260-dan çox sudanlı köçkünə yardım göstərildiyini qeyd edib.
Fatimə Nəbiyeva
13:22 24.05.2025
Oxunuş sayı: 508