Netanyahu: “İngiltərə, Fransa və Kanada qatilləri mükafatlandırır”

İsrailin baş naziri Benyamin Netanyahu, İngiltərə, Fransa və Kanadanın Qəzzadakı hücumların dayandırılması ilə bağlı birgə çağırışına sərt reaksiya verib.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bu ölkələrin “HƏMAS-ı cəsarətləndirdiyini və qatilləri mükafatlandırdığını” bildirib.
Baş nazir bəyan edib ki, sözügedən ölkələrin liderləri sülhü təşviq etmək əvəzinə, HƏMAS-a mübarizəni davam etdirmək üçün imkan yaradırlar:
“Onlar Fələstin dövlətinin yaradılmasını təklif etməklə, qatillərə ən yüksək mükafatı vermək istəyirlər. Qəzza faktiki olaraq 18 ildir Fələstin dövləti kimi fəaliyyət göstərir. Bu müddətdə biz sülhə nail olduqmu? - Xeyr”.
O, Prezident Emmanuel Makron (Fransa), Baş nazir Kir Starmer (Böyük Britaniya) və Baş nazir Jastin Karneyi (Kanada) birbaşa hədəf alaraq deyib:
“Kütləvi qatillər, körpə qətliamçılar və adam oğurları sizə təşəkkür etdikdə, ədalətin deyil, tarixin və bəşəriyyətin yanlış tərəfində olursunuz”.
Netanyahu əlavə edib ki, bu dövlətlər İsrailin HƏMAS qarşısında geri çəkilməsini, bu qruplaşmanın sağ qalmasını və 7 oktyabr hadisələrinin təkrarlanmasını qəbul etməsini istəyir.
İsrail-Britaniya münasibətləri gərginləşib
Xatırladaq ki, İsrailin Qəzzaya humanitar yardım girişini əngəlləməsi və bölgəni blokadada saxlaması səbəbindən Böyük Britaniya Təl-Əvivlə azad ticarət danışıqlarını dayandırıb.
Britaniyanın xarici işlər naziri David Lammy, İsrail hökuməti üzvlərinin fələstinlilərin Qəzzadan çıxarılması ilə bağlı çağırışlarını “iyrənc, qəddar və radikal” olaraq qiymətləndirib.
Aybəniz Səfərova
04:37 24.05.2025
Oxunuş sayı: 511