Putin Ukraynanı məhv etmək istəyir: Sülhə marağı yoxdur

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra onun sülh istədiyini desə də, Qərbdə bu fikri bölüşənlərin sayı azdır. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, Putin sülhə maraqlı deyil və vaxt qazanmağa çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media mənbələri məlumat yayıb.
Trampın bu məsələdəki mövqeyi onun Putinə qarşı yetərincə sərt davranmaması ilə bağlı suallar doğurur.
Nəşrdə qeyd olunub ki, Moskva telefon danışığını böyük diplomatik uğur kimi təqdim edir. Rusiya mediası Trampın mövqeyini Kremlin xeyrinə qiymətləndirir və bunu Rusiyanın növbəti diplomatik qələbəsi kimi qələmə verir.
Məlumata görə, fevralda Trampın təşəbbüsü ilə başlayan danışıqlardan sonra Ukrayna atəşkəsə razılıq versə və ərazi güzəştlərinə hazır olduğunu bildirsə də, Rusiya hələ də konkret razılıq nümayiş etdirmir. Putin bir müddət əvvəl Ukrayna prezidentinin sülh sazişi imzalamaq legitimliyinin olmadığını bildirərək, ölkənin BMT idarəçiliyinə verilməsini belə təklif edib.
Həmçinin, mayın əvvəlində Britaniya, Fransa, Almaniya və Polşa liderləri Putinə atəşkəslə bağlı ultimatum verdikdə, o, Ukrayna ilə ikitərəfli danışıqlar təklif etsə də, görüşə özü qatılmayaraq nümayəndə heyəti göndərib. Bu da Qərbdə "hörmətsizlik" kimi qiymətləndirilib.
İstanbulda keçirilən son danışıqlarda Rusiya nümayəndələri Ukraynanın dörd vilayəti rəsmi şəkildə Rusiyaya verməsini tələb edib. Əks təqdirdə bu tələb altı vilayətə qədər artacağı ilə hədələyiblər. Rusiya nümayəndəsi bildirib: “Biz İsveçlə 21 il müharibə apardıq. Bəs siz nə qədər dözə biləcəksiniz”?
Putin kompromislərə açıq deyil. O, “müharibənin köklü səbəblərinin aradan qaldırılmasını” əsas şərt kimi irəli sürür. Bu, əslində Ukraynanın neytrallaşdırılması, silahsızlaşdırılması və Rusiyanın təsir dairəsinə qaytarılması deməkdir. Belə bir sülh sazişi Ukraynanın dövlət kimi məhvinə bərabər olardı.
Trampın Putini iqtisadi təşviqlərlə razı salmağa çalışması isə Kremlin məqsədlərini anlamamaq deməkdir. Putin üçün bu müharibə sadəcə ərazi deyil, Ukraynanın tam məhv edilməsidir. O, Ukraynanın Rusiya imperiyasının bir hissəsi olduğunu düşünür və müstəqil Ukraynanı tarixi məğlubiyyət kimi qəbul edir.
Xatırladaq ki, Putin 1991-ci ildə SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi faciəsi” adlandırıb. O, Ukraynanı “tarixi Rusiyanın” ayrılmaz hissəsi hesab edir. Əgər Ukrayna müstəqil və Avropa yönümlü dövlət kimi mövcud olarsa, bu, Rusiyanın imperiya olaraq dağılmasına gətirib çıxara bilər. Bu düşüncə Putinin Ukraynanı geri qaytarmaq istəyini daha da gücləndirir.
Bundan əlavə, Putin və ətrafı illərdir ki, Ukraynanı “qondarma dövlət”, “nasi layihəsi” və “anti-Rusiya” kimi təqdim edir. Rusiyanın işğal etdiyi ərazilərdə Ukraynalı vətənpərvərlər və liderlər ya həbs edilir, ya da yoxa çıxır. Uşaqlar ruslaşdırılır, Ukrayna dili və mədəniyyəti silinməyə çalışılır. BMT bu hərəkətləri “insanlıq əleyhinə cinayətlər” və “genosid” kimi qiymətləndirib.
Bildirək ki, Tramp sülh yaratmaq səylərinə görə tərifə layiqdir, lakin hazırkı yanaşma işə yaramır. Putin yalnız güc dilindən anlayır. Ona görə də Qərb daha sərt sanksiyalar tətbiq etməli, Ukraynaya hərbi yardım artırılmalı və Rusiya döyüş meydanında məğlub edilməlidir. Çünki Putin üçün bu müharibə şəxsi məsələdir və o, yalnız məğlubiyyətə məcbur edilərsə, geri çəkilər.
Fatimə Məmmədova
23:48 23.05.2025
Oxunuş sayı: 643