İran XİN rəhbəri: "ABŞ ilə danışıqlarda irəliləyiş ehtimalı var"

İran və ABŞ arasında keçirilən beşinci raund görüşlərindən sonra İran xarici işlər naziri Abbas Əraqçi danışıqların detalları barədə açıqlama verib.
Əraqçi İtaliyanın paytaxtı Romada keçirilən müzakirələrə toxunaraq deyib: “Bu raund indiyədək apardığımız ən peşəkar müzakirə raundlarından biri idi. İran İslam Respublikası olaraq müzakirələrə dair mövqe və prinsiplərimizi bir daha bildirdik. Mövqeyimiz tam aydındır və bu mövqenin arxasındayıq.”
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Əraqçi ABŞ tərəfindən daha yaxşı anlaşıldıqlarını düşündüyünü bildirib və əlavə edib: “Omanın Xarici İşlər naziri bu raundda mövcud maneələri aradan qaldırmaq və irəliləyiş əldə etmək üçün həll yolları təklif etməyə çalışdı. Müxtəlif fikirlər müzakirə olundu.”
Əraqçi qeyd edib ki, tərəflər hər iki tərəf üçün hər hansı öhdəlik yaratmayan və daha ətraflı ekspert qiymətləndirilməsinə ehtiyacı olan yeni təklifləri müzakirə ediblər.
O, öz prinsiplərinə sadiq qalmaqla mümkün həll yollarını araşdırmaq niyyətində olduqlarını, bu təkliflərə dair fikirlərin təqdim olunacağını və növbəti görüş raundunun təşkil edilərək həyata keçirilməsinin gözlənildiyini deyib.
Əraqçi əlavə edib ki, bu təkliflər paytaxtlarda qiymətləndirilsə, növbəti raundda məsələ daha ətraflı müzakirə oluna bilər.
Müzakirələrin davamına da toxunan Əraqçi deyib: “Bu görüşlər iki-üç toplantı ilə həll edilə bilməyəcək qədər mürəkkəbdir, amma artıq məqbul bir yolda irəliləməyimiz belə özü-özlüyündə bir nailiyyətdir. Məncə, bu gün aparılan müzakirələr və xüsusilə Oman tərəfindən maneələrin aradan qaldırılmasına dair təqdim edilən təkliflər nəzərə alındıqda, irəliləyiş üçün real bir imkan var.”
23:27 23.05.2025
Oxunuş sayı: 805