Quterreşdən sarsıdıcı açıqlama: "Fələstinlilər ən qəddar mərhələni yaşayır"

BMT-nin Baş katibi Antonio Quterreş Qəzzada vəziyyətin dözülməz həddə çatdığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bölgədəki fələstinlilər münaqişənin ən qəddar mərhələsini yaşayır.
Quterreş İsraili son 80 gün ərzində bölgəyə həyati əhəmiyyətli humanitar yardımın daxil olmasına maneə yaratmaqda ittiham edib.
BMT-nin Yaxın Şərq üzrə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini də Qəzzada hökm sürən ağır humanitar vəziyyətlə bağlı açıqlama verib.
O qeyd edib ki, bölgəyə daxil olan yardım ehtiyacların çox aşağı səviyyəsindədir:
“Hazırda gələn yardım saman tayasında iynə axtarmağa bənzəyir. Qəzza xalqı 11 həftədən artıqdır ki, aclıqla mübarizə aparır. İnsanlar su və dərman kimi əsas ehtiyaclardan məhrumdur. Yaşlılar dərmansızlıqdan həyatlarını itirir, valideynlər övladları üçün yemək tapa bilmir”, – deyə Lazzarini vurğulayıb.
UNRWA rəsmisinin sözlərinə görə, bölgədə humanitar fəlakətin qarşısını almağın yeganə yolu “fasiləsiz yardım axını”nın təmin olunmasıdır.
Aclığın hökm sürdüyü Qəzzaya gündəlik 500-600 yük maşını miqdarında humanitar yardımın çatdırılması zəruri hesab olunur.
Xatırladaq ki, yanvarın 19-da qüvvəyə minən atəşkəs dövründə bu miqdarda yardım bölgəyə çatdırılsa da, martın 2-dən etibarən İsrail Qəzzaya humanitar yardımı tamamilə dayandırıb. Beynəlxalq təzyiqlər nəticəsində mayın 19-da yardımların yenidən daxil olacağı açıqlanıb.
İsrailin 7 oktyabr 2023-cü ildən başladığı hərbi əməliyyatlar və tətbiq etdiyi blokada nəticəsində Qəzzada gündəlik 500 TIR humanitar yardım və 50 TIR yanacağa ehtiyac olduğu vurğulanır. Lakin son üç gündə bölgəyə cəmi 87 TIR yardım daxil olub.
“İnsan həyatları hərbi və siyasi maraqlardan üstün tutulmalıdır. Qəzza xalqı daha çox gözləyə bilməz”, – deyə Lazzarini bəyan edib.
Aybəniz Səfərova
22:36 23.05.2025
Oxunuş sayı: 932