Bakıkart vətəndaşları "aldadır?- Hüquqşünas danışdı

Son zamanlar Bakıkartla bağlı narazılıqlar getdikcə artır. Belə ki, vətəndaşlar iddia edirlər ki, kartla ödəniş etdikləri halda vəsaitdən çıxsa da, ödəniş olunmur. Beləliklə, vətəndaşlar, necə deyərlər, it də əldən gedir, ip də. Vətəndaşlar bu kimi halalrda onlara kompensasiya ödənilməsini tələb edirlər.
Bu barədə Crossmedia.az-a danışan hüquqşunas Vamiq Şükürov əlaqəli qanunları vurğulayıb: "Bunlardan birincisi Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanunudur. Həmin Qanunun səkkizinci maddəsində göstərilib ki, istehlakçının, pul ödədiyi xidmətin tam və keyfiyyətli göstərilməsini tələb etmək hüququ var. Həmin qanunun 14-cü maddəsinə görə isə səhv və ya qüsurlu xidmət nəticəsində dəyən zərər istehlakçıya ödənilməlidir. Həmçinin Mülki Məcəllənin 390-cu maddəsinə görə, müqavilənin tərəfləri qarşılıqlı öhdəlik daşıyırlar – yəni pul çıxırsa, xidmət göstərilməlidir. 422-ci maddədə göstərilir ki, texniki qüsurlar icra tərəfinin məsuliyyətini aradan qaldırmır. 450 və 470-ci maddələrə görə, müqavilə əsasında xidmət göstərilmədikdə, pulun qaytarılması tələb oluna bilər".
V.Şükürov qeyd edib ki, xırda vəsaitlər olduğu üçün zərərçəkmiş vətəndaş pulu məhkəmə qaydasında geri tələb etməyəcək: "Ən yaxşı halda əlaqədar quruma qaynar xətt vasitəsilə şikayət edəcək.Tövsiyə edirik ki, əlaqədar quruma bu hallarla bağlı avtomatlaşdırılmış, şəffaf və sadə kompensasiya sistemi qursun. Müvafiq müqavilə şərtləri ictimaiyyətə açıqlanmalı və vətəndaşlar rəqəmsal yol ilə haqqını geri ala bilməlidir (məsələn, mobil tətbiq vasitəsilə "geri qaytar" düyməsi)".
Fatimə Məmmədova
16:25 23.05.2025
Oxunuş sayı: 997