Tramp və Netanyahu arasında müzakirə: Gərgin fon, strateji dəstək

ABŞ Prezidenti Donald Trump ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Danışıqda Tramp, Vaşinqtonda iki israilli diplomata qarşı həyata keçirilən silahlı hücum nəticəsində onların həyatını itirməsindən duyduğu dərin kədəri ifadə edib.
Crossmedia.az xəbər verir ki, İsrail Baş naziri Ofisindən yayımlanan yazılı açıqlamaya görə, tərəflər telefon danışığında həmçinin İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumları da müzakirə ediblər. Bildirilib ki, Prezident Tramp, Netanyahu tərəfindən ortaya qoyulan və “Tramp planı” kimi tanınan, israilli əsirlərin azad edilməsi, HƏMAS-ın tamamilə məhv edilməsi və bölgədəki fələstinlilərin digər ölkələrə köçürülməsi kimi hədəfləri dəstəkləyib.
Danışıqda həmçinin hər iki liderin İranın nüvə silahına sahib olmasının qarşısının alınması mövzusunda razılığa gəldiyi qeyd olunub.
Telefon danışığının, Tramp ilə Netanyahu arasında gərginlik olduğuna dair yayılan iddiaların ardından gəlməsi diqqət çəkib.
ABŞ-nin İran ilə nüvə danışıqlarına başlaması, ABŞ-nin Milli Təhlükəsizlik müşaviri Mike Waltzın vəzifədən uzaqlaşdırılması və Yəməndə Husilərlə atəşkəs razılaşmasının əldə olunması, iki lider arasında münasibətlərdə problemlər olduğuna dair şərhlərə səbəb olmuşdu.
İsrail mediasında Trampın Netanyahu ilə əlaqələri kəsmə qərarı aldığı iddia edilmişdi. Daha sonra HƏMAS ilə ABŞ arasında aparılan birbaşa danışıqlarla ABŞ-İsrail vətəndaşı olan əsir əsgər Idan Alexander azad edilmiş, İsrailin bu razılaşmadan yalnız sonra xəbər tutduğu bildirilmişdi.
Donald Tramp 13-16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Yaxın Şərq səfərinə İsraili daxil etməmişdi. Tramp, Ər-Riyadda, İsrailin etirazlarına baxmayaraq, Prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Səlmanın istəyi ilə Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edəcəyini açıqlamış və ABŞ-yə qayıdarkən bu barədə “İsraillilərin fikrini soruşmadığını” bildirmişdi.
Trampın bu səfər çərçivəsində İsraili ziyarət etməməsi, “Vaşinqtonun İsraili regional diplomatik təşəbbüslərdən kənarda qoyduğu” şəklində şərh olunub.
Mədinə Cəlilova
02:00 23.05.2025
Oxunuş sayı: 611