Vulkan püskürmələrindən əvvəl ağaclar siqnal verir: NASA-dan yeni kəşf

NASA-nın apardığı yeni araşdırmaya görə, vulkanların püskürməsindən əvvəl yeraltından çıxan karbon qazı ətrafdakı ağacların yarpaqlarının daha yaşıl və canlı görünməsinə səbəb olur. Bu dəyişikliklər artıq NASA peykləri tərəfindən kosmosdan müşahidə oluna bilir.
Crossmedia.az xəbər verir ki, Alimlərin araşdırmalarına görə, maqma yer qabığına doğru qalxdıqca karbon qazı buraxır. Bu qazı mənimsəyən ağaclar daha sürətlə böyüyür və yarpaqları daha yaşıl hala gəlir. NASA açıqlamasında bu yaşıllaşmanın kosmosdan görünəcək qədər aydın bir siqnal yaratdığı qeyd olunub.
Araşdırma NASA, Smithsonian İnstitutu, McGill Universiteti və Chapman Universitetindən mütəxəssislərin iştirakı ilə aparılıb. Tədqiqatçılar, birbaşa karbon qazı ölçmək əvəzinə, bu qazdan təsirlənmiş ağacların müşahidəsini hədəfləyiblər. Bu yanaşma həm təhlükəli bölgələrə səfər etməyə ehtiyacı aradan qaldırır, həm də xərcləri azaldır.
Araşdırma zamanı eyni zamanda karbon qazı səviyyələri də ölçülüb. Alimlər bu metodun həm ekologiya, həm də vulkanologiya sahəsində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Lakin ekspertlər bu yanaşmanın hər yerdə tətbiq oluna bilməyəcəyini də vurğulayıblar. Bəzi vulkanların ətrafında meşəlik ərazilər yoxdur və iqlim, hava şəraiti, yanğınlar və ya bitki xəstəlikləri kimi faktorlar nəticələrə təsir edə bilər.
Mədinə Cəlilova
(NASA)
02:40 23.05.2025
Oxunuş sayı: 853