Apollo 13-ün səssiz qəhrəmanı Ed Smylie vəfat etdi

1970-ci ildə baş verən Apollo 13 missiyası zamanı baş vermiş partlayışdan sonra ekipajın xilasına mühüm töhfə verən NASA mühəndisi Ed Smylie, 95 yaşında vəfat edib.
Crossmedia.az NASA istinadən xəbər verir ki, Smylie 21 aprel tarixində Tennessi ştatında yerləşən bir baxımevində dünyasını dəyişib. Oğlu Steve Smylie atasının demensiya ilə bağlı fəsadlar səbəbilə həyatını itirdiyini açıqlayıb.
11 aprel 1970-ci ildə Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən fırladılan Apollo 13-ün məqsədi Aya enən üçüncü Apollo ekipajı olmaq idi. Lakin missiyanın ikinci günü bir oksigen çəninin partlaması nəticəsində komanda modulu zədələndi və üç astronavt Ay moduluna sığınmaq məcburiyyətində qaldı. Bununla da Ay’a enmə planları yarımçıq qaldı.
Astronavtların Yerə geri dönüş yolunda kifayət qədər oksigeni var idi. Lakin Ay modulundakı sistem yalnız iki nəfərin nəfəs verdiyi karbon qazını təmizləyə biləcək şəkildə dizayn olunmuşdu. Əlavə filtrasiya olmadan ekipajın sağ qayıtması mümkün deyildi.
Smylie, illər sonra Associated Press-ə verdiyi müsahibədə, qəzanı televizordan izləyərkən xəbər tutduğunu və dərhal Hyustondakı Kosmik Gəmi Mərkəzinə yollandığını söyləyib. O və NASA-dakı həmkarları astronavtların həyatda qalması üçün təcili plan hazırlayıblar. Sadəcə astronavtların kosmosda yanında olan materiallardan, plastik torbalar, skafandr boruları və ən vacib vasitə olan yapışqan lentdən istifadə etməklə işlək filtr sistemi düzəldiblər.
NASA, bu dizaynın necə qurulacağını astronavtlara radio vasitəsilə ötürüb. Astronavtlar təlimatlara əməl edərək qurğunu uğurla hazırlayıblar. Lakin təhlükələr bununla bitməmişdi. Kosmik gəmi Yer atmosferinə dəqiq bucaqla daxil olmalı idi. Nəhayət, 17 aprel 1970-ci ildə ekipaj Sakit Okeanın cənub hissəsinə təhlükəsiz eniş etdi.
Ed Smylienin bu kritik anda göstərdiyi mühəndislik bacarığı və sakit liderliyi onu Apollo 13 missiyasının səssiz qəhrəmanına çevirdi.
Mədinə Cəlilova
02:20 23.05.2025
Oxunuş sayı: 843