İran: “İsrail hücum edərsə, ABŞ məsuliyyət daşıyacaq”

İran İsrailin nüvə obyektlərinə hücum hazırlığında olduğuna dair iddialar fonunda Birləşmiş Millətlər Təşkilatına məktub ünvanlayıb. İran xarici işlər naziri Abbas Əraqçı, məktubunda belə bir hücum halında ABŞ-nin məsuliyyət daşıyacağını bildirib.
Crossmedia.az AFP xəbər agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki,Əraqçı BMT baş katibi Antonio Quterreşə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Mariano Qrossiyə yazdığı məktubda, “Sionist rejim tərəfindən İran İslam Respublikasının nüvə obyektlərinə ediləcək istənilən hücumda ABŞ hökumətinin məsuliyyət daşıyacağına inanırıq”, deyib.
Əraqçı həmçinin X sosial şəbəkəsində yayımladığı paylaşımda İsrailin İranı hədəf alan təhdidlərinin yeni olmadığını bildirib və mediaya sızan son məlumatların narahatedici xarakter daşıdığını vurğulayıb. O, bu təhdidlərin BMT Təhlükəsizlik Şurası və AEBA tərəfindən təcili və ciddi şəkildə pislənməsinin vacibliyini qeyd edib. Məktubunda beynəlxalq ictimaiyyətə çağırış edən Əraqçı İsrailin davam edən təhdidlərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsini istəyib. Əks halda, İranın öz nüvə obyektlərini və materiallarını qorumaq üçün “xüsusi tədbirlər” görmək məcburiyyətində qalacağını bildirib.
İranlı nazir məktubunun ciddi addımlardan əvvəl bir xəbərdarlıq olduğunu vurğulayaraq, İsrailin atacağı istənilən addıma qarşılıq verəcəklərini və bu cavabların beynəlxalq təşkilatların göstərəcəyi qabaqlayıcı tədbirlərlə mütənasib olacağını əlavə edib. İsrail Baş naziri Benyamin Netanyahunu “savaş cinayətləri ilə axtarılan” şəxs kimi təqdim edən Əraqçi, onun diplomatik səyləri pozmağa və diqqəti Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı həbs qərarından yayındırmağa çalışdığını deyib.
İran İslam Respublikasının “heç bir təcavüzə cavabsız qalmayacağını və xalqının maraqlarını qorumaqdan geri çəkilməyəcəyini” vurğulayıb.
Mövzuya İran İslam İnqilabı Keşikçiləri Korpusu da münasibət bildirib. Korpusun sözçüsü Əlimoəmməd Naini Reuters agentliyinə verdiyi açıqlamada “Bizi müharibə ilə qorxutmağa çalışırlar, lakin xalqın və ordunun güclü dəstəyini nəzərə almadan səhv hesablamalar edirlər”, deyə bildirib.
Digər tərəfdən, ABŞ-nin Axios xəbər saytının yaydığı məlumata görə, ABŞ və İran arasında keçiriləcək beşinci raund nüvə danışıqları öncəsi İsrailli mənbələr İsrailin İranın nüvə obyektlərinə qarşı sürətli hücum hazırlığında olduğunu iddia ediblər. İsrailin bu planı, danışıqların nəticəsiz qalacağı təqdirdə qısa müddət ərzində əməliyyata çevirməyi hədəflədiyi qeyd edilib. ABŞ ordusunun İsrailin hazırlıqlarından məlumatlı olduğu, bu məqsədlə çoxsaylı təlimlərin keçirildiyi bildirilib. ABŞ rəsmisi Axios-a açıqlamasında, keçmiş prezident Donald Tramp administrasiyasının Netanyahunun Trampdan icazə almadan belə hücuma keçə biləcəyindən narahat olduğunu bildirib.
Mədinə Cəlilova
23:45 22.05.2025
Oxunuş sayı: 819