Tramp ağ fermerlərin “məzarları” iddiası ilə Cənubi Afrika liderinə saxta video göstərdi

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə görüşü zamanı sosial mediada yayımlanan bir videonu nümayiş etdirərək, görüntülərin Cənubi Afrikada “minlərlə” ağ fermerin “dəfn olunduğu yerləri” göstərdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, The New York Times-ın apardığı analiz bu iddianı təkzib edib.
Məlum olub ki, videoda əks olunan görüntülər 5 sentyabr 2020-ci ildə Cənubi Afrikanın Nyukasl yaxınlığında keçirilən anım mərasimindən götürülüb. Həmin tədbir, avqustun sonunda öldürülmüş ağ fermer cütlüyünün xatirəsinə təşkil olunmuşdu. Hadisə yerində yüzlərlə ağ xaç, traktorlar və etiraz pankartları yer almışdı. Xaçlar tədbirdən əvvəl qoyulmuş və sonradan yığışdırılmışdı.
Tramp görüş zamanı zalın işıqlarını söndürərək videonu “ağ cənubi afrikalılara qarşı irqi təqibin sübutu” kimi təqdim edib və “baxın, burada minlərlə ağ fermer dəfn olunub” deyib. Lakin faktlar bunun əksini göstərir. Xaçlar daimi məzar yerlərini əks etdirmir və sadəcə anım məqsədilə quraşdırılmışdı.
Cənubi Afrikada ağ fermerlərin öldürülməsinə qarşı bir neçə etiraz aksiyası keçirilib və bu tədbirlərdə simvolik olaraq ağ xaçlardan istifadə olunub. Lakin rəsmi polis statistikasına əsasən, ağ cənubi afrikalılar və ya fermerlər digər əhali qruplarına nisbətən daha çox zorakılığa məruz qalmır.
Ağ Ev rəsmilərindən biri Times-a bildirib ki, videodakı hər xaç bir ağ fermerin ölümünü simvolizə edir. Lakin Trampın videonu niyə məzarlıq kimi təqdim etdiyinə dair şərh verməyib. Trampın videonu haradan aldığı və məzmunu haqqında kimdən məlumat aldığı da hələlik məlum deyil.
Maraqlıdır ki, Cənubi Afrika əsilli milyarder və Trampın müşavirlərindən biri olan İlon Mask həmin videonu görüşdən əvvəl azı iki dəfə sosial şəbəkə platforması X-də (keçmiş Twitter) paylaşmışdı.
Görüş zamanı Prezident Ramafosa videonun mənbəyini soruşduqda isə Tramp sadəcə “yəni, Cənubi Afrikadandır” cavabını verib.
Mədinə Cəlilova
23:00 22.05.2025
Oxunuş sayı: 614