San Dieqoda kiçik təyyarə yaşayış məntəqəsinə düşdü: Ölənlər var

ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində kiçik tipli təyyarə yaşayış məhəlləsinə düşüb. Nəticədə göyərtədə olanların hamısı həlak olub, bir neçə ev isə yanaraq məhv olub.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən San Dieqo Yanğın Xidmətinin rəis müavini Den Eddi bildirib ki, qəzada bir neçə nəfər ölüb və onların hamısı təyyarədə olub. Təyyarədə neçə nəfərin olduğu hələlik dəqiq müəyyən edilməyib.
Qəza səhər saat 4 radələrində Tierrasanta məhəlləsinin yaxınlığındakı Mörfi Kanyonunda baş verib. San Dieqo polis idarəsinin məlumatına görə, qəzadan sonra bir neçə evdə yanğın başlayıb və bu evlər tamamilə məhv olub.
Qəzanın baş verdiyi ərazidə yaşayan sakinlər dərhal təxliyə edilib. Den Eddinin sözlərinə görə, yerli sakinlər arasında ciddi xəsarət alan olmayıb.
Qeyd edək ki, qəza edən təyyarə “Cessna 550” tipli olub və bu növ hava nəqliyyatı vasitəsi 10 nəfərədək sərnişin daşımaq imkanına malikdir. Hadisə ilə bağlı araşdırma aparılır.
Mədinə Cəlilova
00:20 23.05.2025
Oxunuş sayı: 742