Netanyahu Qəzzada atəşkəsi Trampın planına bağladı: “Ya sürgün, ya ölüm!”

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzaya yönəlmiş hərbi əməliyyatların dayandırılması üçün ABŞ prezidenti Donald Trampın fələstinlilərin bölgədən sürgün edilməsini nəzərdə tutan planının həyata keçirilməsini əsas şərt kimi irəli sürüb.
Crossmedia.az İsrail mediasına istinadən xəbər verir ki, Netanyahu bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, İsrail ordusunun “Gideonun arabaları” adı altında apardığı genişmiqyaslı hücumların məqsədi Qəzza zolağını tam nəzarətə götürmək və HƏMAS-ı “tamamilə yox etmək”dir.
Baş nazir vurğulayıb ki, hücumlar yalnız “İsrailin təhlükəsizliyini təmin edəcək aydın şərtlər” daxilində dayandırıla bilər.
Bu şərtlərə israilli girovların azad edilməsi, HƏMAS-ın silahı yerə qoyması, təşkilatın rəhbərliyinin ölkədən çıxarılması və eyni zamanda Trampın bölgədəki fələstinlilərin sürgününü nəzərdə tutan planının reallaşdırılması daxildir.
Netanyahu Trampın planını “çox düzgün” adlandırıb və ABŞ-la münasibətlərin pisləşdiyi barədə iddiaları təkzib edib.
Aybəniz Səfərova
15:40 22.05.2025
Oxunuş sayı: 662