İran millət vəkili: “Rusiya bizi qabaqcıl silahlarla təmin edə bilər”

İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi Tehran və Moskva arasında imzalanmış strateji əməkdaşlıq müqaviləsinə münasibət bildirib. O, bu əməkdaşlığın iqtisadi, təhlükəsizlik, geosiyasi və diplomatik baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Crossmedia.az İran mətbuatına istinadən xəbər verir ki, Rəsayinin sözlərinə görə, həm İran, həm də Rusiya Qərbin tətbiq etdiyi iqtisadi sanksiyaların təzyiqi altındadır. O hesab edir ki, bu əməkdaşlıq hər iki ölkənin dollardan asılılığını azaltmağa imkan verə bilər.
“Tehran Qərbin sərt iqtisadi sanksiyalarına qarşı strateji əməkdaşlıqdan istifadə etməlidir. Hər iki ölkə NATO və terrorizmin yaratdığı ümumi təhdidlərlə üzləşir. Rusiya İrana qırıcı təyyarələr, aviasiya və dəniz texnologiyaları sahəsində qabaqcıl silahlar sata bilər”, – deyə Rəsayi bildirib.
Millət vəkili həmçinin İran və Rusiya arasında birgə hərbi təlimlərin keçirilməsi və müdafiə texnologiyaları sahəsində əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.
Mədinə Cəlilova
20:32 21.05.2025
Oxunuş sayı: 977