Sergey Lavrov: “Rusiya və Ermənistan qarşılıqlı etimadsızlıq mərhələsini geridə qoyub”

Rusiya və Ermənistan münasibətlərində yeni, daha sabit və əməkdaşlığa əsaslanan bir mərhələyə keçid baş verir. Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Yerevanda keçirilən tədbirdə bəyan edib. Nazir rus universitetlərinin Ermənistan filiallarının müəllim və tələbələri qarşısında çıxış edərək, iki ölkə arasında uzun müddət davam edən anlaşılmazlıqların və qarşılıqlı etimadsızlığın artıq keçmişdə qaldığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Sergey Lavrov Yerevandakı çıxışında Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüşə istinad edərək, iki ölkə arasında baş verən son təmasların münasibətlərdə dönüş nöqtəsi olduğunu qeyd edib. Lavrov deyib: “Bu gün Xarici İşlər Nazirliyində apardığımız danışıqlar və prezidentlə görüş təsdiqlədi ki, biz artıq qarşılıqlı etimadsızlıq və inciklik mərhələsini keçmişik və anlayırıq ki, bu münasibətlər mənasızdır. Çünki reallıqlar var və biz bu faktlardan çıxış edəcəyik”.
Nazirin sözlərinə görə, Rusiya və Ermənistan artıq münasibətlərində gərginlik və soyuqluq yaradan səbəbləri arxada qoymağa başlayıblar. “Moskva və Yerevan o mərhələni geridə qoyublar ki, bir-birilərinə açıq danışmaqdan çəkinirdilər, qarşılıqlı inam isə yetərli deyildi. Bu gün isə münasibətlərimizdə daha sağlam və real baza formalaşır” – deyə Lavrov əlavə edib.
Qeyd edək ki, son dövrlər Rusiya-Ermənistan münasibətləri müəyyən gərginliklərlə müşayiət olunurdu. Xüsusilə Ermənistanın Qərblə artan təmasları və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərindəki qeyri-müəyyənlik Rusiya ilə münasibətləri gərginləşdirmişdi. Lakin Lavrovun son səfəri və səsləndirdiyi mesajlar bu münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atıldığını göstərir.
Sergey Lavrovun bu səfəri və çıxışları Rusiya-Ermənistan əlaqələrinin gələcək inkişafı baxımından əhəmiyyətli siqnal kimi qiymətləndirilir. Diplomatik dairələr isə hesab edirlər ki, qarşılıqlı etimadın bərpası həm ikitərəfli münasibətlərin, həm də regiondakı sabitliyin təmin olunmasına töhfə verəcək.
Fatimə Nəbiyeva
19:55 21.05.2025
Oxunuş sayı: 826