Bakı Kart-la bağlı texniki problemlər var: Pul çıxır, amma…

Son zamanlar bəzi vətəndaşlar ictimai nəqliyyatdan istifadə zamanı onlayn ödəniş əməliyyatlarında problemlərlə qarşılaşdıqlarını bildirirlər. Onların sözlərinə görə, balansdan vəsait çıxılsa da, ödəniş qarşı tərəfə çatmır. Bu cür hallar əsasən bank əməliyyatlarının texniki səbəblərdən düzgün və səmərəli icra olunmaması ilə əlaqələndirilir. Xüsusilə də bu problemlər “Bakıkart” vasitəsilə ödəniş zamanı daha çox müşahidə olunur. Belə ki, bir sərnişin tətbiq vasitəsilə iki dəfə ödəniş etməyə çalışsa da, “Etibarsızdır” bildirişi ilə qarşılaşıb. Buna baxmayaraq, kartının balansından iki gedişlik məbləğ çıxılıb.Digər sərnişinlər də bu kimi halların artmasından narahat olduqlarını qeyd edir və problemin tezliklə aradan qaldırılmasını istəyirlər.
Bu barədə Crossmedia.az-a danışan İKT mütəxəssisi Elvin Abbasov Bakı Kartla ödəniş zamanı vəsaitin balansdan çıxmasına baxmayaraq, kartın terminal tərəfindən etibarsız sayılması hallarının ödəniş prosesində real vaxtlı sinxronlaşma çatışmazlıqları ilə bağlı ola biləcəyini bildirib: "Bu vəziyyət, terminal ilə mərkəzi server arasında bağlantı gecikmələri, qırılmalar və ya əməliyyatın texniki səbəblərlə yarımçıq qalmasının mümkün nəticəsidir. Belə halların qarşısını almaq üçün sistemdə “pending buffer” – yəni gözləmədə olan əməliyyatlar üçün ara yaddaş modulu tətbiq edilməli, həmin əməliyyatlar avtomatik şəkildə yenidən yoxlanmalı və qısa müddətdə ya təsdiqlənməli, ya da balansdan çıxmış vəsait istifadəçiyə qaytarılmalıdır. Bununla yanaşı, real vaxt rejimində əməliyyat axınlarını izləyən və məlumatların dinamik yenilənməsini təmin edən texnologiyalar gücləndirilməlidir".
E.Abbasovun vurğulayıb ki, problemin idarəolunan və şəffaf formada həlli üçün istifadəçiyə yönəlik tədbirlər də nəzərə alınmalıdır: "Bakı Kart mobil tətbiqində ödənişin statusunu anlıq göstərən interfeys hazırlanmalı, qeyri-müəyyən əməliyyat baş verdikdə sistem avtomatik refund prosesini işə salmalıdır. Eyni zamanda, süni intellektə əsaslanan anomaliya aşkarlama mexanizmləri vasitəsilə terminal donmaları və bağlantı problemləri əvvəlcədən təyin edilərək operativ müdaxilə təmin oluna bilər. Bu yanaşma həm ictimai nəqliyyatda istifadəçi məmnuniyyətinin artırılmasına, həm də rəqəmsal ödəniş infrastrukturunun etibarlılıq və şəffaflıq baxımından gücləndirilməsinə xidmət edər".
Fatimə Məmmədova
19:00 21.05.2025
Oxunuş sayı: 942