ABŞ Suriyaya xüsusi nümayəndə təyin edir – Tomas Barrak yeni missiyada

ABŞ Suriyada uzun illər davam edən müharibə və beynəlxalq təcriddən sonra bu ölkə ilə münasibətləri yeni mərhələyə keçirməyə hazırlaşır. Bu məqsədlə ABŞ administrasiyası mühüm qərar qəbul edib – ABŞ-nin Türkiyədəki hazırkı səfiri Tomas Barrak Suriyaya xüsusi nümayəndə təyin olunacaq.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu qərar ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq olunmuş sanksiyaların ləğv ediləcəyinə dair verdiyi bəyanatdan dərhal sonra açıqlanıb. Məhz bu bəyanat rəsmi Dəməşqlə Vaşinqton arasında münasibətlərin normallaşması istiqamətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Məlumatlara görə, Tramp administrasiyasının bu qərarı Dəməşqin ABŞ ilə birbaşa diplomatik əlaqə qurmasına imkan yaradacaq. Ekspertlərin fikrincə, bu, regionda yeni siyasi konfiqurasiyanın formalaşmasına səbəb ola bilər. “Dəməşqin indi Tramp administrasiyası ilə birbaşa əlaqəsi var ki, bu da uzun illər davam edən müharibə və təcriddən sonra etimadın və əməkdaşlığın bərpası üçün dönüş nöqtəsinə çevriləcək,” – deyə mənbələr bildirir.
Digər tərəfdən, ABŞ və Avropa İttifaqının Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ölkədə fəaliyyət göstərən humanitar təşkilatların işini xeyli asanlaşdıracaq. Artıq bu təşkilatların Suriyaya girişi, yardımın çatdırılması və yerli icmalarla əməkdaşlığı daha rahat şəkildə həyata keçiriləcək.
Bundan əlavə, sanksiyaların aradan qaldırılması Suriyanın beynəlxalq maliyyə institutlarına və xarici sərmayəçilərə açılmasına da şərait yaradacaq. Beləliklə, ölkənin iqtisadiyyatında canlanma, ticarət əlaqələrinin bərpası və yenidənqurma proseslərinin sürətlənməsi gözlənilir.
Xatırladaq ki, Suriya son onillikdə daxili müharibə, xarici müdaxilələr və sanksiyalar səbəbindən həm siyasi, həm də iqtisadi cəhətdən ciddi geriləmə yaşayıb. ABŞ-ın bu yeni addımı isə regionda sabitliyə və bərpa proseslərinə yeni ümidlərin yaranmasına səbəb ola bilər.
Fatimə Nəbiyeva
18:53 21.05.2025
Oxunuş sayı: 837