ABŞ-da erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü həbs edilib

ABŞ-da erməni əsilli şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstənin 13 üzvü həbs olunub. Bildirilib ki, ABŞ Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Los-Anceles şəhəri yaxınlığında yerləşən San-Valli qəsəbəsində yerləşən evdə axtarış aparıblar. Federal istintaqın nəticəsi olaraq, erməni mütəşəkkil cinayətkar dəstəsi ilə əlaqədə şübhəli bilinən 13 nəfər saxlanılıb. Onlar qəsdən adam öldürməyə cəhd, adam oğurluğu, odlu silahların qanunsuz saxlanılması, bank və elektron fırıldaqçılıq, o cümlədən 80 milyon dollardan artıq dəyəri olan onlayn yüklərin oğurluğunda ittiham edilirlər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, istintaq çərçivəsində ABŞ Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları axtarış orderləri ilə San-Vallidəki evdə və Cənubi Kaliforniya ilə Florida ştatında yerləşən digər ünvanlarda əməliyyat keçiriblər. ABŞ-ın Los-Ancelesdə yerləşən Prokurorluğunun rəhbəri Bilal A. Essaylinin ofisindən verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 13 nəfər erməni mütəşəkkil cinayətkar dəstənin üzvü olub. İttihama əsasən, həmin şəxslər Amazon onlayn ticarət platformasından ümumilikdə 83 milyon dollar dəyərində məhsulu oğurlayıblar. Cinayətkar qrupun üzvləri artıq nəzarətə götürülüblər.
ABŞ Milli Təhlükəsizlik İdarəsinin Los-Anceles üzrə İstintaq Departamentinin müvəqqəti direktor müavini bildirib ki, saxlanılan şəxslər ciddi təşkilatlanma ilə fəaliyyət göstərən transmilli cinayətkar şəbəkənin üzvləridir. Onun sözlərinə görə, bu dəstə beynəlxalq kartellərə xas struktur və qəddarlıqla hərəkət edib, ictimai təhlükəsizliyə ciddi zərər vurmaqla yanaşı, qanuni ticarətə və təchizat zəncirlərinə də böyük ziyan yetirib. Hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı 100 min ABŞ dolları məbləğində nağd pul, üç zirehli avtomobil və 14 odlu silah ələ keçirilib.
San-Valli sakinləri bildiriblər ki, saxlanılanların yaşadığı evə təxminən beş il əvvəl köçüblər və bu müddət ərzində həmin ünvanda daim şübhəli hadisələr baş verib. ABŞ Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi bəyan ediblər ki, həbs edilən şəxslər San-Fernando vadisində öz cinayətkar təsirlərini genişləndirməyə və nəzarəti əllərində saxlamağa çalışıblar.
Əməliyyatla bağlı yayılan rəsmi məlumatda adları açıqlanan şəxslər – Ara Artuni, Robert Amiryən, Vaan Arutyunyan, Levon Arakelyan və İvan Bojorkes – rəsmi şəkildə ittiham olunublar. Prokurorluğun açıqlamasına əsasən, əgər bu şəxslər barəsində ittihamlar sübuta yetirilərsə, onları 10 ildən ömürlük həbs cəzasınadək cəza gözləyir. Hazırda istintaq davam etdirilir və yeni detalların ortaya çıxacağı istisna edilmir.
Fatimə Nəbiyeva
17:45 21.05.2025
Oxunuş sayı: 1113