Tam nəzarətə keçməsindən sonra Putin ilk dəfə Kurska getdi

Rusiya Prezidenti Vladimir Putin ötən il Ukrayna qüvvələrinin qısa müddətlik ələ keçirdiyi Kursk bölgəsinin yenidən Rusiya nəzarətinə qaytarılmasından sonra ilk dəfə bölgəyə səfər edib. Səfər çərçivəsində Putin Kurçatov şəhərində yerli rəhbərlərlə görüşüb və tikilməkdə olan Kursk atom elektrik stansiyasına baş çəkib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, dövlət mediasının yaydığı görüntülərdə Putin yerli könüllülərlə görüşür, RİA Novosti isə onun Ukrayna qüvvələrinin hələ də Rusiya sərhədinə irəliləməyə çalışdığını dediyini qeyd edir. O, mina təmizləmə dəstələrinin sayının artırılmasını tapşırıb ki, köçkünlər geri dönə bilsinlər.
Xatırladaq ki, ötən ilin avqustunda Ukrayna Kursk bölgəsinə qəfil hücumla daxil olaraq Rusiya ərazisinə İkinci Dünya müharibəsindən bəri ilk quru hücumunu həyata keçirmişdi. Daha sonra Rusiya Şimali Koreya əsgərlərinin də dəstəyi ilə ərazini geri aldığını elan edib.
Ukrayna isə bölgədə mövqelərini qoruduğunu bildirir. Prezident Zelenski keçən həftə demişdi ki, Kursk və Belqorodda aktiv əməliyyatlar davam edir və məqsəd Ukrayna sərhədlərini müdafiə etməkdir.
Digər tərəfdən, Putin ABŞ Prezidenti Donald Trampla danışıq zamanı 30 günlük atəşkəsə razılaşmayıb. Kremlin verdiyi məlumata görə, tərəflər yalnız müəyyən müddətli atəşkəs imkanlarını müzakirə ediblər. Eyni zamanda, Aİ Rusiyanın “kölgə donanması”na qarşı yeni sanksiyalar tətbiq edib, Rusiya və Ukrayna isə bir-birini dron hücumlarında ittiham edib.
Fatimə Nəbiyeva
14:30 21.05.2025
Oxunuş sayı: 775