Trampın qərarı qüvvəyə mindi: ABŞ-da yük maşını sürücülərinə ingilis dili şərti

ABŞ Prezidenti Donald Trampın ölkədə kommersiya daşımaları ilə məşğul olan yük maşını sürücülərinə ingilis dili bilmək tələbi irəli sürən fərmanı rəsmi olaraq qüvvəyə minib. Yeni qərara əsasən, bundan sonra İngilis dili bilməyən sürücülər bu sahədə fəaliyyət göstərə bilməyəcəklər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ABŞ Nəqliyyat naziri Şon Daffi Prezident Trampın bu fərmanına uyğun olaraq xüsusi göstəriş imzalayıb. Nazirliyin açıqlamasında bildirilib: “Əvvəl Amerika demək, əvvəl təhlükəsizlik deməkdir. Amerikalılar, yol nişanlarını anlayan və düzgün şəkildə şərh edə bilən yük maşını sürücüləri ilə eyni yollarda olduqda daha güvəndə olurlar.”
Məlumata görə, bu qərar, sabiq prezident Barak Obamanın dövründə qüvvəyə minmiş və ingilis dili bilməyən sürücülərin işdən çıxarılmasının qarşısını alan əvvəlki tətbiqin ləğvi ilə nəticələnib. Yeni fərmanla artıq bu cür sürücülərin fəaliyyətinə məhdudiyyət qoyulur.
Eyni zamanda, Prezident Tramp bu ilin fevralında imzaladığı başqa bir fərmanla ABŞ tarixində ilk dəfə olaraq İngilis dilini ölkənin rəsmi dili elan etmişdi. Bu qərar da onun immiqrasiya və ictimai təhlükəsizlik sahəsində sərt siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir.
Lakin yeni qərar tənqidlərə də səbəb olub. Bəzi mütəxəssislər və insan haqları təşkilatları bildiriblər ki, bu addım fərqli etnik mənsubiyyəti olan insanlara qarşı ayrı-seçkilik və ya təzyiq vasitəsi kimi istifadə oluna bilər. Tramp administrasiyasının bu istiqamətdəki addımları ABŞ-da ictimai müzakirələrə yol açıb.
Fatimə Nəbiyeva
16:15 21.05.2025
Oxunuş sayı: 677