ABŞ kəşfiyyatı: İsrail İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşır

ABŞ-ın əldə etdiyi yeni kəşfiyyat məlumatları İsrailin İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığını göstərir. Bu informasiyalar bir neçə yüksək vəzifəli amerikalı rəsmidən əldə olunub və İsrailin hazırlıqlar apardığını təsdiqləyir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ABŞ rəsmiləri belə bir hücumun prezident Donald Trampın Tehrana qarşı diplomatik həll yolunu tapmaq istəkləri ilə ziddiyyət təşkil etdiyini bildiriblər. Onların fikrincə, bu addım İsraillə ABŞ arasında açıq fikir ayrılığına səbəb ola bilər və bölgədə – xüsusilə Qəzza müharibəsindən sonra onsuz da artan gərginliyi daha da alovlandıra bilər.
Rəsmilər qeyd edirlər ki, İsrail rəhbərliyinin hücum qərarı ilə bağlı son nəticəyə gəlib-gəlmədiyi hələlik bəlli deyil. ABŞ hökumətində də İsrailin belə bir addım atacağı ilə bağlı fikirlər parçalanmış vəziyyətdədir. Müşahidəçilər bildirirlər ki, Tel-Əvivin qərarı, çox güman ki, ABŞ və İran arasında aparılan danışıqların gedişindən və bu prosesin İsrailin maraqlarına necə təsir edəcəyindən asılı olacaq.
Amerikalı kəşfiyyat mənbələrindən biri açıqlamasında bildirib ki, son aylarda İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, Trampın vasitəçiliyi ilə əldə olunacaq mümkün razılaşmanın İranın bütün uran ehtiyatlarının məhvini nəzərdə tutmaması, İsraili daha sərt addım atmağa sövq edə bilər.
İsrailin bu istiqamətdə planları ilə bağlı narahatlıq yalnız rəsmi bəyanatlarla məhdudlaşmır. ABŞ-ın əldə etdiyi məlumatlara görə, İsrail tərəfindən göndərilən bəzi gizli mesajlar və ölkənin hərbi qüvvələrinin hərəkətləri də hücumun mümkünlüyünü göstərir. Bu çərçivədə müşahidə olunan hazırlıqlara hava silahlarının yerdəyişməsi və genişmiqyaslı hava təlimlərinin tamamlanması daxildir.
Bununla belə, eyni əlamətlər İsrailin İrana təzyiq göstərmək və onu nüvə proqramının bəzi əsas bəndlərindən imtina etdirməyə yönəlmiş siyasi manevri də ola bilər. ABŞ rəsmiləri bu ehtimalı da nəzərdən qaçırmırlar.
Fatimə Nəbiyeva
13:50 21.05.2025
Oxunuş sayı: 639