Avropa İttifaqı İsraillə əməkdaşlığa yenidən baxa bilər: Qəzzada hücumlar və yardım blokadası narahatlıq doğurur

Avropa İttifaqı (Aİ) İsraillə ticarət və siyasi əməkdaşlığı tənzimləyən Assosiasiya Sazişinə yenidən baxılması prosesinə başlayıb. Bu qərar İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməsi və artıq iki aydır ki, humanitar yardımların qarşısının alınması ilə bağlı narahatlıqlar fonunda gündəmə gəlib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu təşəbbüs Niderlandın xarici işlər naziri Kasper Veldkamp tərəfindən irəli sürülüb və Avropa İttifaqına üzv olan 27 ölkədən 17-nin xarici işlər nazirləri tərəfindən dəstəklənib. Qərar Avropa Komissiyasının İsrailin Assosiasiya Sazişinin 2-ci maddəsinə — insan hüquqları və demokratik prinsiplərə hörmət öhdəliyinə — nə dərəcədə əməl etdiyini rəsmi şəkildə araşdırmasına imkan verəcək.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə bildirib: “Bu gün aparılan müzakirələr göstərdi ki, əksər ölkələr İsraillə Assosiasiya Sazişinin 2-ci maddəsinin yenidən nəzərdən keçirilməsini dəstəkləyir. Biz bu prosesi başladırıq. Hələlik isə İsrail humanitar yardımların qarşısını almamalı, onların maneəsiz şəkildə daxil olmasına şərait yaratmalıdır.”
Qeyd edək ki, Avropa İttifaqı İsrailin ən böyük ticarət tərəfdaşı olaraq qalır. Tərəflər arasında illik ticarət dövriyyəsi 45 milyard avronu keçir.
İsraillə Assosiasiya Sazişinə yenidən baxılması ideyası ilk dəfə 15 ay əvvəl İrlandiya və İspaniya tərəfindən irəli sürülmüşdü. Həmin vaxt bu təşəbbüs Avropa ölkələri arasında geniş dəstək qazanmasa da, indi Niderlandın bu məsələni gündəmə gətirməsi ilə proses yenidən aktuallaşıb. Maraqlıdır ki, Niderland adətən İsrailin müttəfiqlərindən biri hesab olunur, lakin bu dəfə ölkə Qəzzaya qarşı tətbiq olunan “humanitar blokadanın” beynəlxalq humanitar hüququ pozduğunu və bunun da Assosiasiya Sazişinin 2-ci maddəsinin pozulması demək olduğunu bildirib.
Hazırda Belçika, Finlandiya, Fransa, İrlandiya, Lüksemburq, Portuqaliya, Sloveniya, İspaniya və İsveç daxil olmaqla doqquz Aİ ölkəsi bu təşəbbüsü açıq şəkildə dəstəkləyib.
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard isə bəyan edib ki, İsrailin bəzi nazirlərinə qarşı sanksiyaların tətbiqi üçün israrlı şəkildə çalışacaq.
Fatimə Nəbiyeva
10:58 21.05.2025
Oxunuş sayı: 807