Ukraynadan sonra hədəf Finlandiyadır? – Rusiya sərhədə ordu çəkir

ABŞ-Ukrayna-Rusiya arasında atəşkəsə dair diplomatik səylər davam etdiyi bir vaxtda, Rusiyanın NATO-nun yeni üzvü olan Finlandiya ilə sərhəddə hərbi mövcudluğunu artırması beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Crossmedia.az xəbər verir ki, ABŞ mətbuatında yer alan peyk görüntüləri Rusiyanın bu bölgədəki hərbi bazalarında ciddi infrastruktur genişləndirməsinə başladığını göstərir.
Peyk görüntüləri hərbi hazırlığı üzə çıxarır
“New York Times” qəzetinin dərc etdiyi peyk görüntülərində Finlandiya ilə 1340 kilometr uzunluğunda sərhədi olan Rusiya tərəfindən sərhəd bölgəsində yeni hərbi obyektlərin inşa edildiyi və mövcud bazaların genişləndirildiyi aşkarlanıb. Sənədləşdirilmiş görüntülərdə çadır sahələri, döyüş təyyarələri üçün uçuş-enmə zolaqları, hərbi texnika üçün anqarlar və uzun müddət istifadə olunmayan vertolyot bazasında yenidənqurma işləri diqqət çəkir.
NATO və Finlandiya vəziyyəti yaxından izləyir
Məsələ ilə bağlı NATO rəsmiləri bildiriblər ki, Rusiya ordusunun Finlandiya sərhədi yaxınlığındakı hərəkətliliyi 2022-ci ildə Ukrayna sərhədində baş verən qoşun yığılmasından fərqli xarakter daşıyır. Bununla belə, Finlandiyanın NATO-ya üzv olması Moskvanın təhlükəsizlik anlayışına ciddi təsir göstərməkdədir.
Qeyd edək ki, Rusiya ilə Finlandiya arasında olan 1340 kilometrlik sərhəd hazırda NATO-nun Rusiya ilə olan ən uzun quru sərhədidir. Son günlərdə ABŞ və Finlandiya silahlı qüvvələrinin bu bölgədə birgə hərbi təlim keçirməsi də diqqətdən yayınmayıb. Təlimlərdə əsas simulyativ düşmən kimi Rusiya nəzərdə tutulub.
Geosiyasi gərginlik dərinləşir
Analitiklər Rusiyanın bu addımını NATO-nun genişlənməsinə cavab kimi qiymətləndirirlər.
Eyni zamanda, bölgədəki hərbi hazırlıqların artması Baltik və Şimal Avropa regionunda təhlükəsizlik balansını dəyişdirə bilər.
Aybəniz Səfərova
22:59 20.05.2025
Oxunuş sayı: 1462