KİV: İsrailin əsas hədəfi mülki əhalidir

İsrail ordusunun Qəzza zolağında məcburi köçkünlərin və qaçqınların sığındığı ərazilərə endirdiyi son hava hücumları nəticəsində azı 61 fələstinli həyatını itirib, onlarla insan isə yaralanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar əsasən yaşayış məntəqələri, məktəblər və müvəqqəti sığınacaqlara yönəlib.
Hadisə şahidlərinin bildirdiyinə görə, Qəzza şəhərinin mərkəzindəki Derej məhəlləsində yerləşən Musa bin Nasir məktəbi iki kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Məktəbdə sığınan 12 nəfər məcburi köçkün həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.
Cibaliya Qaçqınlar Düşərgəsində “Mukayyed” ailəsinə məxsus evin bombalanması nəticəsində eyni ailədən 9 nəfər həyatını itirib.
Nusayrat Qaçqınlar Düşərgəsindəki yanacaqdoldurma məntəqəsinə endirilən hücum nəticəsində isə 15 nəfər ölüb.
Deyr əl-Bələh şəhərində “Əbu Səmra” ailəsinə məxsus evin bombalanması 13 nəfərin ölümünə səbəb olub. Zeytun məhəlləsində baş verən hücumda isə 1 nəfər həlak olub.
Qəzzanın cənubundakı Xan Yunus şəhərinin Menara bölgəsində pilotsuz təyyarə ilə həyata keçirilən zərbə nəticəsində 3 nəfər ölüb.
Beyt Lahiya bölgəsində qaçqınların sığındığı məktəbə endirilən artilleriya hücumu nəticəsində azı 4 nəfər həyatını itirib.
Xan Yunusda köçkünlərin məskunlaşdığı çadır düşərgəsinə edilən hücumda isə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, hücumların nəticələri ağırdır və hədəf əsasən mülki əhalidir
22:30 20.05.2025
Oxunuş sayı: 801