Soyqırım görüntüləri ilə konsert: İsrailli müğənninin çıxışı Fransada etiraz doğurdu

İsrailli müğənni Eyal Qolanın Fransanın paytaxtı Parisdə verdiyi konsert ictimai və siyasi dairələrdə ciddi narazılıqla qarşılanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, konsert zamanı səhnədə İsrail ordusunu tərifləyən videoların nümayiş etdirilməsi və Qəzza zolağındakı hərbi əməliyyatlara işarə edən görüntülərin yer alması geniş tənqidlərə səbəb olub.
Fransanın solçu “İtaətsiz Fransa” (LFI) partiyasından olan millət vəkili Tomas Portes sosial şəbəkədə paylaşım edərək bildirib ki, konsert zamanı “fələstinli mülki vətəndaşların bombalanmasının görüntüləri göstərilib”.
O, tədbiri “soyqırım təbliğatı” kimi qiymətləndirib və ölkənin Daxili İşlər Nazirliyi ilə Paris polis rəhbərliyindən məsələyə münasibət bildirməyi tələb edib.
Fransanın “L’Humanité” qəzeti də konsertdə “İsrail ordusunu vəsf edən görüntülərin” yayımlandığını qeyd edib.
Məsələyə münasibət bildirən Fransa Uzaq Sağ Rəsədxanası ONED isə paylaşımında bu konsertin “musiqi vasitəsilə müharibə və insanlığa qarşı cinayətlərin təbliği” kimi qiymətləndirildiyini açıqlayıb.
Qeyd edək ki, E.Qolan daha əvvəl verdiyi bəzi sərt və mübahisəli ifadələr, o cümlədən “Qəzza tamamilə məhv edilməlidir” kimi fikirlərlə də gündəmə gəlmişdi.
Onun Parisdə bu axşam daha bir konsert verməsi planlaşdırılır.
Aybəniz Səfərova
21:57 20.05.2025
Oxunuş sayı: 958