"Siyasət və Rəğbət" kitabının təqdimatı keçirilib

Ceyhun Novruzov Ərani oğlunun müəllifi olduğu "Siyasət və Rəğbət" kitabının təqdimat mərasimi keçirilib. Kitabda Azərbaycanın son 30 ildə keçdiyi yol, cümlədən II Qarabağ müharibəsi fəsillərə bölünmüş şəkildə təsvir olunur.
Crossmedia.az xəbər verir ki, əsərdə ölkəmizin yaşadığı siyasi, ictimai və hərbi mərhələlər, üzləşdiyi çətinliklər və qazandığı zəfərlər ardıcıl və axıcı şəkildə təqdim edilir. Müəllif Azərbaycanın işğal dövründən zəfərə doğru gedən yolunu simvolik başlıqlar altında təsvir edərək, xalqın mübarizəsini və liderlərin tarixi rolunu oxucuya çatdırır.
Kitab “Öç” adlı hekayə ilə başlayır. Bu hekayədə Azərbaycanın torpaqlarının işğalından, xalqımızın üzləşdiyi təhlükələrdən və onu bu fəlakətdən xilas edərək zəfərə aparan liderlərdən bəhs olunur.
Növbəti fəsillər isə aşağıdakı başlıqlar altında təqdim edilib:
"Xaos" – Azərbaycan SSR dövrü və Sovet imperiyasının dağılma səbəbləri;
"Qaranlıq" – 20 Yanvar faciəsi və həmin günlərdə dənizçilərin göstərdiyi qəhrəmanlıq;
"Xilaskar" – Ulu Öndər Heydər Əliyevin ölkəni yenidən dirçəltməsi və xilaskarlıq missiyası;
"30 ilin tənhalığı" – xalqımızın işğal altında olan torpaqlara olan həsrəti və beynəlxalq susqunluq;
"Əsrin sərkərdəsi" – Ali Baş Komandan İlham Əliyevin II Qarabağ müharibəsindəki rolu və əldə olunan zəfər.
Qeyd edək ki, kitabın müəllifi Ceyhun Novruzov Ərani oğlu Murovdağ istiqamətində aparılan döyüşlərdə top komandiri kimi iştirak edib. O, göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
15:35 20.05.2025
Oxunuş sayı: 594