İsrail Qəzza zolağına məhdud humanitar yardımın çatdırılmasına icazə verib

İsrail hökuməti beynəlxalq təzyiqlərin artması fonunda Qəzza zolağındakı humanitar böhrana çarə olaraq bölgəyə məhdud miqdarda yardımın daxil olmasına razılıq verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü verdiyi açıqlamada, bu addımın həmin ərazilərdə dərinləşən aclıq və ərzaq çatışmazlığına qarşı yönələn müvəqqəti tədbir olduğunu bildirib.
Netanyahu qeyd edib ki, icazə verilən yardıma əsas ərzaq məhsulları daxildir və onların çatdırılma prosesi mümkün qədər tez baş tutacaq. Yardımın nə vaxt və hansı məntəqələr vasitəsilə təhvil veriləcəyi barədə hələlik rəsmi detalları açıqlanmır, lakin İsrailin “Kan” dövlət televiziyası köməyin tranzitinin dərhal başlanacağını xəbər verib.
Qeyd edək ki, beynəlxalq təşkilatlar və insan haqları müdafiəçiləri Qəzzada ərzaq, təmizlik vasitələri və tibbi ləvazimat çatışmazlığının kritik həddə çatması barədə uzun müddətdir xəbərdarlıq edirlər. Son qərar blokadanın tam aradan qaldırılmasına deyil, yalnız zəruri yardımın təminatına yönəlib.
Rəsmi Tel-Əviv yardımın necə koordinasiya olunacağını və bölgədəki tərəfdaşlarla hansı mexanizmlər əsasında işləyəcəyini hələ açıqlamayıb.
Yaranmış vəziyyətin davamlı yollarla həlli üçün beynəlxalq ictimaiyyətin və Qəzzadakı tərəfdaşların danışıqlar prosesinə cəlb olunması gözlənilir.
20:45 19.05.2025
Oxunuş sayı: 851