Ərdoğanla Makronun bədən dili "savaşı"- Psixoloqdan ətraflı izah

Fransada "Patriotlar" Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı alçaldıldığını deyib.
Hadisə Avropa Siyasi Birliyinin Tiranada keçirilən toplantısı zamanı kameraya düşüb. Makron masa arxasında əyləşən Ərdoğana yaxınlaşaraq əlini Türkiyə liderinin əlinin üstünə qoyub. Ərdoğan cəld əlini
çəksə də, Makronun iki barmağından yapışıb. Fransa prezidenti bir barmağını Ərdoğanın ovcundan çıxara bilib. Türkiyə lideri gülümsəyərək oturduğu yerdən qalxmadan Makronun digər barmağını ən azı on saniyə saxlamağa davam edib.
Liderlərin bədən dili barədə Crossmedia.az-a danışan psixoloq Aynur İskəndərova Ərdoğanın dünyanın ən təcrübəli liderlərindən biri olduğunu vurğulayıb:
"Bu baxımdan o, harada necə hərəkət etmək lazımdır və hansı bədən dilindən istifadə etsə, hansı mesajı verə bilər — bunu çox yaxşı bilir. Məlumdur ki, ölkə liderlərinin hər biri bədən dili ilə bağlı bir çox təlimlər keçir. Ancaq nə qədər təlim keçilsə də, fərqli situasiyalar yarana bilir. Bu fərqli situasiyalarda hər lider özünü sudan quru çıxara bilmir. Ümumilikdə Ərdoğanın müxtəlif ölkə liderləri ilə görüşlərinə nəzər yetirsək, deyə bilərik ki, onun xüsusi dəsti-xətti var. Bəzən bəzi ölkələrin liderləri ilə görüşəndə dostluq, əməkdaşlıq mesajlarını vermək üçün daha səmimi salamlaşma sərgilədiyi halda, bəzilərinə qarşı üstünlük mesajı verməyə çalışır".
Psixoloq Makronla Ərdoğanın görüşündə dəfələrlə izlədiyi hadisənin psixoloji təsirini belə izah edib:
"Birinci növbədə Makron Ərdoğana yaxınlaşır. İlk mesaj odur ki, Makron onu diqqət obyektinə çevirir. Müəyyən mənada ona yaxınlaşaraq "ev sahiblərindən biri mənəm" mesajını verməyə çalışır. Ərdoğan isə cavabında yerindən qalxmır. Hətta düşünürəm ki, əyləşdikləri stul fırlanan stul olmasına baxmayaraq, o, heç çevrilmir. Necə sayğısız yanaşıbsa, başını belə çevirmir, yalnız meyilli formada başını çevirir. Onunla uzunmüddətli göz kontaktı da qurmur. Bu da ona qarşı olan önəmsizlik mesajıdır. İlk əl uzadan da Makrondur. Əl uzatmasına rəğmən, Ərdoğan sağ əlini uzadıb onunla salamlaşmır, ayağa qalxmır. Sol əli ilə onu tutur. Makron bu vəziyyəti görür və çıxış yolu tapmaq üçün digər əli ilə onun sağ əlini tutur. Təbii ki, bu, Ərdoğanın xoşuna gəlmir. Ərdoğan burada artıq ikinci həmləni edir — onun əlini tutaraq bir neçə saniyə saxlayır. Bu da bədən savaşıdır".
Psixoloq əlavə edib ki, Ərdoğan hadisə zamanı göz kontaktı qurmur. Bu isə qarşısındakı insana özünü dəyərsiz hiss etdirə bilər: "Sonda isə aşağıdan yuxarı tərs-tərs baxaraq, sonra barmağı ilə işarə edir. Baş barmağını uzadaraq sanki uşaq kimi hədələyir, danlayır".
A. İsgəndərova qeyd edib ki, salamlaşmaqla bağlı ümumi etik qaydalar olsa da, müəyyən etnik xüsusiyyətlər də özünü göstərir.
Fatimə Məmmədova
19:48 19.05.2025
Oxunuş sayı: 3499