Türkiyədə keçirilən beynəlxalq snayper yarışlarında Özbəkistan qalib gəldi

Türkiyənin Konya şəhərində keçirilən beynəlxalq snayper yarışlarında Özbəkistan Silahlı Qüvvələrinin snayperləri bütün mərhələlərdə üstünlük nümayiş etdirərək birinci yeri tutublar. Yarışa 15 ölkədən 40 komanda qatılıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, yarışlar 10 gün davam edib və iştirakçılar 10 fərqli kateqoriya üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Müsabiqələrdə atıcılar müxtəlif şəraitdə hədəfləri məhv etmək üçün yarışıblar. Buraya helikopterdən və qayıqdan atəş açmaq, gecə vaxtı hədəf seçmək və məhdud görmə şəraitində reaksiya vermək kimi mürəkkəb tapşırıqlar daxil olub.
Yarışın əsas məqsədi snayper bacarıqlarını təkmilləşdirmək, müxtəlif ölkələrdən olan hərbçilər arasında təcrübə mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığı gücləndirmək olub.
Özbəkistan nümayəndə heyəti göstərdiyi peşəkarlıq və taktiki hazırlıqla yarış iştirakçıları və təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib. Final mərhələsində Özbəkistan komandası həm də dəqiqlik, sürət və koordinasiya baxımından ən yüksək nəticələri göstərib.
Qeyd edək ki, bu cür yarışlar beynəlxalq miqyasda hərbi əməkdaşlığın və taktiki hazırlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Zəhra Ağayeva
15:30 19.05.2025
Oxunuş sayı: 564