KİV: Türkiyə Ukraynadakı atəşkəsi müşahidə etməyə hazırdır

Türkiyə Ukraynadakı atəşkəsi
müşahidə etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu
barədə “Al Arabiya” xəbər saytı Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən
bildirib.
Xəbərdə qeyd olunurb ki, Türkiyənin
xarici işlər naziri Hakan Fidan “istəkli koalisiya” formatında keçirilən
telefon danışığına qatılaraq Ankaranın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini
və mümkün atəşkəsin müşahidəsi üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə
hazır olduğunu bəyan edib.
Məlumata görə, həmin gün Böyük
Britaniya, Fransa, Almaniya, Polşa və Ukrayna liderləri Kiyevdə görüş keçiriblər.
Görüş zamanı ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə mayın 12-dən etibarən
qeyd-şərtsiz 30 günlük atəşkəs qərarının qüvvəyə minməsi razılaşdırılıb.
Bildirilib ki, əgər Rusiya Prezidenti Vladimir Putin bu razılaşmaya əməl etməzsə,
ona qarşı yeni və "kütləvi" sanksiyalar tətbiq olunacaq.
H.Fidan bəyan edib ki, Türkiyə bu təşəbbüsü
dəstəkləyir və tərəflər arasında razılıq əldə olunacağı təqdirdə atəşkəsin
müşahidəsi ilə bağlı öhdəlikləri icra etməyə hazırdır.
NATO üzvü olan Türkiyə 2022-ci ildən
bəri həm Kiyev, həm də Moskva ilə balanslı münasibətlər saxlayır. Ankara
Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiyaya qarşı sanksiyalara
qoşulmayıb.
Bundan əlavə, qeyd edilib ki, mart
ayında Türkiyə Müdafiə Nazirliyi də oxşar bəyanat verərək, Rusiya və Ukrayna
arasında atəşkəs əldə olunacağı təqdirdə Ankara sülhməramlı missiyada iştirak
etməyə hazır olduğunu bildirmişdi. Apreldə isə Ukrayna, Britaniya, Fransa və
Türkiyə hərbi nümayəndələri Türkiyədə Qara dənizdə təhlükəsizlik məsələlərini
müzakirə ediblər.
Səbinə Cəlilova
15:38 12.05.2025
Oxunuş sayı: 1088