Pakistan Hindistana qarşı 26 hərbi hədəfi vurdu

Pakistan Silahlı Qüvvələri Hindistanın hava məkanını pozaraq Pakistan hərbi bazalarına zərbə endirməsinə cavab olaraq “Banyan-um-Marsoos” adlı hərbi əməliyyat çərçivəsində Hindistanda 26 hərbi hədəfi vurub.
Crossmedia.az bildirir ki,bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudhri “DAWN” nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, bu zərbələr yalnız Hindistanın işğal altındakı Cammu və Kəşmir bölgəsində deyil, eyni zamanda Hindistanın əsas ərazisində yerləşən və Pakistan vətəndaşlarına hücumlar üçün istifadə olunan obyektlərə, eləcə də ölkədə terrorçuluğu alovlandırmaqda iştirak edən təşkilatlara qarşı yönəldilib.
“Pakistanın cavabı real vaxt rejimində situasiya barədə məlumatlandırma, şəbəkə mərkəzli döyüş qabiliyyəti və çoxsahəli fasiləsiz əməliyyat imkanlarını əks etdirən nümunəvi bir hərbi cavab oldu,” – deyə general bildirib.
Çaudhrinin verdiyi məlumata görə, zərbə endirilən hədəflər arasında Hindistanın hava qüvvələrinə və aviasiyasına məxsus Suartgarh, Sirsa, Adampur, Bhuj, Naliya, Bathinda, Barnala, Halwara, Awantipur, Srinagar, Cammu, Mamun, Ambala, Udhampur və Pathankot kimi bazalar olub. Bütün bu obyektlər ciddi şəkildə zərər görüb.
O həmçinin əlavə edib ki, Pakistan qüvvələri Hindistanın “BrahMos” raket sistemlərinin yerləşdiyi obyektləri də məhv edib.
Fidan Xəlilova
13:20 12.05.2025
Oxunuş sayı: 786