Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri bu dəfə səhnəyə Peppino De Filliponun kəskin yumor və reallıqla yoğrulmuş əsərini çıxardılar – “Don Rafael Trambonçu”. Əməkdar artist, quruluşçu rejissor Şövqi Hüseynovun rəhbərliyi ilə hazırlanan bu tamaşa, həm tələbələrin kurs işi, həm də “Pillə” tələbə tamaşaları festivalında iştirak üçün nəzərdə tutulmuşdu.
Hazırlıq mərhələsi: Həyat kimi təlatümlü
16 fevralda başlanmış oxunuşlardan sonra tələbələr tədricən obrazlarını tanımağa, səhnə parçalarını bir-bir qurmağa başladılar. Mart ayı isə artıq praqon dövrü idi – hər aktyor öz səhnəsi və musiqi atmosferi üzərində fərdi şəkildə çalışdı. Bu sürətli və peşəkar temp, gələcəyin aktyor və aktrisalarının səhnə məsuliyyətinə olan münasibətini əks etdirirdi. Cəmi iki ayda hazırlanan tamaşa tələbə işi olmasına baxmayaraq, peşəkar səviyyədə təqdim olundu.
Səhnədə kimlər var?
Rafael obrazında Riyad Babazadə, Amalya rolunda Oksana Yuzbaşıyeva, Nicola – Abbas Məmmədov, Alfredo – Murad Abdurrehmanov və Luici – Aydan Məmmədzadə. Hər biri öz roluna can yandıraraq, sadəcə obrazı yox, bir sənətkar həyatını canlandırmağa çalışdı.
Məzmun: Artist həyatı — gülüş arxasında dram
“Don Rafael Trambonçu” əsəri zarafatla başlayır, amma reallığın sərt üzünə toxunur. Artistlərin yaşadığı qeyri-sabit həyat, səhnə arxasındakı psixoloji və sosial çətinliklər tamaşa boyu gülüşlər içində ötürülür. Əsər, hər şeydən əvvəl, səhnə sənətinə sevgini və bu sevginin bəzən nə qədər çətin yollarla qorunduğunu göstərir.
Tamaşa bir tarix daşıyır
Tamaşanı xüsusi edən cəhətlərdən biri də onun ilk dəfə ADMİU səhnəsində elə bu layihənin rejissoru Şövqi Hüseynov tərəfindən oynanmış olmasıdır. İllər sonra eyni əsəri bu dəfə tələbələrinin ifasında yenidən səhnəyə daşıması, həm sənətkarın, həm də pedaqoqun ruhunu əks etdirən simvolik bir jestdir.
Ayan Sədi