Pakistan ordusu 25 Hindistan istehsalı “Harop” kamikadze PUA-sını vurub

Pakistan Silahlı Qüvvələri Hindistana məxsus 25 ədəd “Harop” tipli kamikadze pilotsuz uçuş aparatını (PUA) uğurla məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Geo.tv telekanalı Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidmətinə (ISPR) istinadla məlumat yayıb.
Məlumata görə, Hindistan bu hücumlara 6–7 may tarixlərində baş vermiş insident zamanı beş müasir təyyarəsini, PUA-larını, bir neçə postunu və canlı qüvvəsini itirdikdən sonra panika içində əl atıb.
“İsrail istehsalı olan "Harop" PUA-larından istifadə Hindistanın məyusluğunun açıq göstəricisidir”, – deyə ISPR-in bəyanatında bildirilib.
Qeyd olunub ki, bu PUA-ların qalıqları Pakistanın müxtəlif bölgələrindən toplanır.
ISPR həmçinin bildirib ki, Hindistan nəzarət xətti boyunca ciddi itkilər verib və Pakistanın möhkəm müdafiəsi səbəbilə bu itkilər davam edir.
“Pakistan Silahlı Qüvvələri düşmənə sarsıdıcı cavab verir və onun bütün məkrli planlarını alt-üst edir”, – deyə qurumun açıqlamasında vurğulanır.
Xumar Emilqızı
16:25 08.05.2025
Oxunuş sayı: 2451