Suriya Prezidenti ABŞ-la yaxınlaşma istəyir: Əhməd əş-Şara Trampla görüşmək niyyətindədir

Suriya Prezidenti Əhməd əş-Şara ABŞ-ın prezidenti Donald Trampla görüşmək istədiyini bildirib. O, bu görüş vasitəsilə Suriyanın yenidən qurulması üçün öz baxışını təqdim etməyi planlaşdırır. Prezidentin məqsədi ölkənin bərpasını 1948-ci il “Marşall planı”na bənzər bir yanaşma ilə həyata keçirməkdir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Suriya rəhbərliyi yenidənqurma mərhələsində Çin şirkətlərinə deyil, əsasən ABŞ və Qərb ölkələrinin şirkətlərinə üstünlük vermək niyyətindədir. Bu yanaşma Vaşinqtonla münasibətlərin yaxşılaşdırılması cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.
Əhməd əş-Şara Trampın prezidentlik dövründəki Yaxın Şərq siyasətinə simpatiya bəslədiyini gizlətmir. O hesab edir ki, Trampın bölgəyə baxışı və biznes yönümlü yanaşması Suriyanın bərpasında konstruktiv rol oynaya bilər. Buna görə də mümkün görüşün siyasi deyil, iqtisadi əməkdaşlığa əsaslanan bir dialoq olması nəzərdə tutulur.
Suriya prezidenti həmçinin qeyd edib ki, ölkənin gələcək iqtisadi modelində xarici sərmayələrin mühüm rol oynaması planlaşdırılır. ABŞ və Avropa şirkətləri üçün investisiya imkanları yaradılacaq, bu isə bərpa işlərinə daha sürətli və texnoloji baxımdan üstün töhfə verə bilər.
Bəzi siyasi müşahidəçilər bu açıqlamanı Dəməşqin xarici siyasətində yeni dönəmin başlanğıcı kimi dəyərləndirirlər. Onların fikrincə, bu təşəbbüs Rusiya və İran kimi ənənəvi müttəfiqlərlə yanaşı, Qərblə də balanslı münasibət qurmağa yönəlib.
Fatimə Nəbiyeva
14:15 08.05.2025
Oxunuş sayı: 767