Türkiyə və Pakistan XİN başçıları Hindistanla bağlı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında telefon danışığı baş tutub. Tərəflər Hindistan və Pakistan arasında artan gərginlik fonunda bölgədəki son vəziyyəti ətraflı müzakirə ediblər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Telefon danışığı zamanı iki ölkə arasında qarşılıqlı hücumlar, mülki ərazilərin hədəf alınması və gərginliyin artması ilə bağlı narahatlıq ifadə olunub. Hər iki nazir bölgədə sülhün və sabitliyin bərpasının vacibliyini vurğulayıb, qarşıdurmanın daha da dərinləşməsinin regional təhlükəsizlik üçün ciddi təhdid yaratdığını bildiriblər.
Nazirlər, həmçinin beynəlxalq ictimaiyyətin gərginliyin azaldılması və dialoqun təşviqi istiqamətində səylərini artırmasının vacib olduğunu qeyd ediblər. Türkiyə rəsmisi ölkəsinin hər zaman Pakistanla həmrəylik içində olduğunu və münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb.
Müzakirələr zamanı diplomatik yollarla məsələnin həllinə üstünlük verilməsi və regionda yeni müharibənin qarşısının alınmasının prioritet olduğu razılaşdırılıb.
Fatimə Nəbiyeva
10:34 07.05.2025
Oxunuş sayı: 743