Hindistan və Pakistan arasında gərginlik artır: Raket zərbələri, qarşılıqlı hücumlar və itkilər

Hindistanın Pakistan ərazisinə raket zərbələri endirməsi bölgədə vəziyyəti kəskin şəkildə gərginləşdirib. Reuters agentliyi Pakistan ordusunun nümayəndəsinə istinadla yazır ki, Hindistan Pakistanın üç ayrı nöqtəsinə raket hücumu həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Hindistan hökumətinin məlumatına görə, bu zərbələr “Sındur əməliyyatı” çərçivəsində endirilib və ümumilikdə Pakistan daxilində doqquz hədəf vurulub. Pakistanlı mənbələr isə bildirirlər ki, hücumlar nəticəsində bir sıra mülki ərazilər zərər görüb. Raketlərdən biri Bəhawəlpur şəhərindəki məscidə düşüb.
Hazırda Pakistan Silahlı Qüvvələri Hindistanın hücumuna cavab tədbirləri həyata keçirir. Məlumata görə, həm quru, həm də hava hücumları ilə cavab verilir. Xüsusilə Poonç-Racauri istiqamətində, Bhimber Gali bölgəsində artilleriya atəşi açılıb.
Pakistanın müdafiə naziri bildirib ki, Hindistan tərəfindən hədəf alınan obyektlər hərbi düşərgələr deyil, tamamilə mülki infrastrukturlar olub. Raket hücumları nəticəsində azı 3 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.
Bəzi mənbələrin məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələri Hindistan nəzarətində olan Kəşmirdə yerləşən Şrinagar hərbi bazasını hədəfə alıb. Eyni zamanda, Pakistan mediası iki Hindistan hərbi təyyarəsinin vurulduğunu iddia edir.
Hadisədən sonra Pakistanın baş naziri Şahbaz Şərif yerli vaxtla saat 10:00-da Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb.
CNN-in məlumatına əsasən, Hindistanın bu gün həyata keçirdiyi hücumlar 1971-ci il Hindistan-Pakistan müharibəsindən bəri Pakistan ərazisinə edilən ən dərin hərbi müdaxilə kimi qiymətləndirilir.
Hazırda iki nüvə silahlı ölkə arasında vəziyyət olduqca gərgindir və beynəlxalq ictimaiyyət baş verənləri ciddi narahatlıqla izləyir.
Fatimə Nəbiyeva
10:20 07.05.2025
Oxunuş sayı: 1236