Hindistan Pakistana suyun buraxılışını dayandırdı – Tərəflər arasında gərginlik artır

Hindistan Pakistana su axınını dayandırdı.
Crossmedia.az xəbər verir ki, Hindistan və Pakistan arasında son həftələrdə su böhranı və hərbi təhdidlər fonunda gərginlik artmaqda davam edir.
Hindistan 1960-cı ildə imzalanmış Hind Suları Müqaviləsini müvəqqəti dayandıraraq Pakistana su axınını kəsib.
Rəsmi Dehlinin bu addımı iki nüvə dövləti arasında yeni böhran dalğasına səbəb olub.
Xatırladaq ki, Hindistan aprelin 22-də Cammu və Kəşmirin Pahalqam bölgəsində 26 hindu turistin öldürüldüyü hücumda Pakistanı ittiham edib. Ertəsi gün – aprelin 23-də isə Hind Suları Müqaviləsinin müddətinin dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, bu müqavilə 1960-cı ildə Dünya Bankının zəmanəti ilə imzalanıb və müharibələr dövründə belə qüvvədə qalıb.
Mayın 1-dən etibarən Hindistan Bağlıhar bəndində çöküntülərin təmizlənməsi əməliyyatlarına başlayıb. Nəticədə Pakistana axan suyun həcmi 90 faiz azalıb. Hindistan rəsmiləri bu cür texniki əməliyyatların digər bəndlərdə də həyata keçirilə biləcəyini istisna etməyiblər.
Pakistan Hindistanın bu addımını “müharibə aktı” kimi dəyərləndirib. İslamabad məsələ ilə bağlı beynəlxalq hüquqi mexanizmləri işə salmağa hazırlaşır.
Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Hindistanın bu qərarı 1969-cu il Müqavilələr Hüququ üzrə Vyana Konvensiyasını pozur.
Rəsmi məlumatlara görə, su axınının azalması Pakistanın kənd təsərrüfatı və enerji sektoruna ciddi təsir göstərə bilər.
Gərginlik fonunda Hindistan Kəşmirdə Nəzarət Xətti boyunca hərbi mövcudluğunu gücləndirib. Ölkənin hava qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, sərhədyanı ərazilərdə döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri yerləşdirilib.
Pakistan isə cavab olaraq iki qısa mənzilli ballistik raket sınağı keçirib. BMT Təhlükəsizlik Şurası tərəfləri gərginliyi azaltmağa və dialoqa başlamağa çağırıb.
Lakin diplomatik əlaqələr hələ də məhdud olaraq qalır.
Aybəniz Səfərova
13:50 06.05.2025
Oxunuş sayı: 992