Almaniyada yeni koalisiya hökuməti formalaşdı

Almaniya Sosial Demokrat Partiyası (SPD) ilə Xristian Demokrat və Xristian Sosial Birliklərinin (CDU/CSU) mühafizəkar bloku arasında koalisiya sazişi imzalanıb. Sənədin imzalanması kansler Fridrix Merzin rəhbərlik etdiyi yeni hökumətin formalaşma prosesini rəsmi olaraq yekunlaşdırır.
Crossmedia.az Almaniya mətbuatına istinadən xəbər verir ki, yeni hökumətdə nazirlərin təyinatı artıq müəyyənləşib. Qeyd olunur ki, kabinetdə 10 kişi və 8 qadın nazir yer alacaq. Nazirlər Kabineti üzvlərinin orta yaşı isə 50,4-dən 53,1-ə yüksələcək.
Yeniliklər arasında “Dövlətin rəqəmsallaşdırılması və modernləşdirilməsi” adlı yeni nazirliyin yaradılması da yer alır. Koalisiya razılaşmasında əsas prioritetlərdən biri vergi yüklərinin azaldılması, infrastruktur və müdafiə sahəsinə milyardlarla avro investisiyanın yönəldilməsi, eləcə də bürokratiyanın və hökumət aparatlarının ixtisarıdır.
Miqrasiya siyasətində də sərtləşdirilmiş tədbirlər nəzərdə tutulur. Qeyri-qanuni miqrantların sərhəddə qarşısının alınması və deportasiya proseslərinin tezləşdirilməsi planlaşdırılır. Ailə birləşməsi çərçivəsində bəzi qaçqın kateqoriyalarına sığınacaq hüququ məhdudlaşdırılacaq, lakin əsas siyasi sığınacaq hüququ saxlanılacaq.
Eyni zamanda, Alman vətəndaşlığının sürətləndirilmiş alınması imkanları yenidən nəzərdən keçirilərək bəzi hallarda tətbiq edilən 3 illik müddət ləğv olunacaq və proses 5 ilə qədər uzadılacaq.
Mədinə Cəlilova
21:27 05.05.2025
Oxunuş sayı: 526