Papa Fransiskdən Qəzza uşaqları üçün son vəsiyyət: “Papamobil” tibbi yardım maşınına çevriləcək

Katolik dünyasının dini lideri Papa Fransisk vəsiyyətində öz şəxsi “papamobil”ini Qəzza zolağındakı uşaqlar üçün tibbi yardım maşınına çevirməyi tapşırıb. Bu qərar onun humanitar məsələlərə həssas yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, avtomobil hərəkətli tibbi kompleksə çevrilərək müalicə və ilkin tibbi yardım imkanları ilə təchiz olunacaq. Maşında diaqnostika və müalicə üçün avadanlıqlar, infeksiyalara qarşı ekspress-testlər, tikiş və inyeksiya dəstləri, oksigen balonları, vaksinlər və dərmanların saxlanılması üçün soyuducu yer alacaq.
Sənədlərə əsasən, bu “papamobil” 2014-cü ildə Papa Fransiskin İordaniya, Fələstin və İsrailə etdiyi səfər zamanı istifadə etdiyi nəqliyyat vasitəsidir. Avtomobil yalnız İsrail tərəfindən bağlanmış humanitar dəhlizlər açıldıqdan sonra Qəzzaya göndəriləcək.
İsveçli katolik kilsə xadimi Kardinal Anders Arborelius məsələ ilə bağlı açıqlamasında bildirib: “Papamobil – bu, Papa Fransiskin hətta ölümündən sonra belə Qəzzada əziyyət çəkən uşaqlara laqeyd qalmadığını göstərən canlı sübutdur.”
Bu humanitar təşəbbüs, müharibə şəraitində olan Qəzza zolağında səhiyyə imkanlarının son dərəcə məhdud olduğu bir vaxtda, bölgəyə yönəlmiş vacib dəstək addımı kimi dəyərləndirilir. Katolik kilsəsinin bu cür addımı beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edib.
Fatimə Nəbiyeva
18:24 05.05.2025
Oxunuş sayı: 693