Tramp məşhur Alkatras həbsxanasını yenidən açmaq istəyir

ABŞ Prezidenti Donald Tramp, 60 ildən çoxdur bağlı olan məşhur Alkatras həbsxanasını yenidən açmaq niyyətindədir. O, bu həbsxananın ölkənin “ən amansız və zorakı cinayətkarlarını” cəzalandırmaq üçün istifadə olunacağını bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, San-Fransisko sahillərində yerləşən və adaya çatmaq çətin olan Alkatras həbsxanası hazırda turistik məkan kimi fəaliyyət göstərir. Tramp bazar axşamı sosial mediada paylaşım edərək, bu məkanı “qanun, nizam və ədalətin simvolu” adlandırıb.
Tramp paylaşımında həmçinin qeyd edib: “Keçmişdə daha ciddi bir millət olduğumuz zaman ən təhlükəli cinayətkarları həbs etməkdən və onları cəmiyyət üçün təhlükədən uzaq tutmaqdan çəkinmirdik. İndi də belə olmalıdır.”
Prezident Tramp bildirib ki, Alkatrasın yenidən istifadəyə verilməsi üçün ABŞ-ın Ədliyyə Nazirliyi, Federal Təhqiqatlar Bürosu (FBI), Daxili Təhlükəsizlik Nazirliyi və Həbsxanalar Bürosuna göstəriş verib.
Bununla belə, tənqidçilər bu planın reallaşması ilə bağlı ciddi şübhələrini ifadə ediblər. Onlar Tramp administrasiyasının eyni zamanda Ədliyyə Nazirliyinin büdcəsini azaltmağa çalışmasını ziddiyyətli addım kimi qiymətləndirirlər. Kaliforniyalı Demokrat, Nümayəndələr Palatasının sədri Nensi Pelosi də bu təşəbbüsün reallığını sual altına alaraq, “Bura artıq milli park və məşhur turistik məkandır. Prezidentin təklifi ciddi görünmür,” deyə bildirib.
Ekspertlər hesab edir ki, adanı yenidən yüksək təhlükəsizlikli həbsxanaya çevirmək çox baha başa gələcək. Alkatras 1963-cü ildə infrastrukturun köhnəlməsi və baxım xərclərinin yüksəkliyi səbəbilə bağlanmışdı.
“Okean axınları və soyuq sular səbəbilə qaçmaq mümkünsüz sayılan” bu həbsxana “Qaya” ləqəbi ilə tanınırdı. Burada Al Kapone və Corc “Maşın Tapança” Kelli kimi məşhur cinayətkarlar saxlanılıb. Hazırda ada ABŞ-ın Milli Parklar Xidməti tərəfindən idarə olunur və Milli Tarixi Abidə statusuna malikdir.
Həbsxanalar Bürosunun sözçüsü isə bildirib ki, qurum “bütün Prezident sərəncamlarına əməl edəcək.”
Fatimə Nəbiyeva
17:00 05.05.2025
Oxunuş sayı: 655