İsrail Qəzza zolağında quru əməliyyatlarını genişləndirir

İsrailin Təhlükəsizlik Kabineti Qəzza zolağında keçirilən hərbi əməliyyatların miqyasını artırmaq barədə yekdilliklə qərar verib. Qərara əsasən, İsrail ordusu HƏMAS-a qarşı quru əməliyyatlarını daha geniş ərazidə və daha intensiv şəkildə davam etdirəcək.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu qərarın ölkənin təhlükəsizliyi baxımından vacib olduğunu bildirib. O, İsrailin HƏMAS-a qarşı müharibədə “tam qələbə” əldə edəcəyinə əmin olduğunu deyib.
Netanyahu çıxışında qeyd edib ki, HƏMAS-ın hərbi gücü tamamilə məhv olunana qədər əməliyyatlar dayandırılmayacaq. O, həmçinin beynəlxalq ictimaiyyəti İsrailin özünü müdafiə hüququnu tanımağa çağırıb.
Qəzzada isə vəziyyət getdikcə ağırlaşır. Yerli mənbələr bildirir ki, genişlənmiş hərbi əməliyyatlar nəticəsində bölgədə humanitar böhran daha da dərinləşib, mülki əhali arasında itkilər artmaqdadır.
Xatırladaq ki, İsrail və HƏMAS arasında qarşıdurmalar oktyabr ayından bu yana davam edir. Beynəlxalq təşkilatlar tərəfləri atəşkəsə və humanitar yardımın maneəsiz çatdırılmasına çağırır.
Fatimə Nəbiyeva
11:40 05.05.2025
Oxunuş sayı: 789