Çin dövlət başçısı Si Rusiyaya gedir: “Zəfər Günü” tədbirində iştirak edəcək

Çin xarici işlər nazirliyi, Prezident Si Cinpinin gələn həftə Rusiyaya rəsmi səfər edəcəyini və İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş “Zəfər Günü” tədbirlərində iştirak edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, açıqlamada Sinin 7–10 may tarixlərində Rusiyada olacağı bildirilib. Kremlin yaydığı bəyanatda isə səfərin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacağı və iki liderin “genişmiqyaslı tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin” inkişaf etdirilməsini, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparacağını qeyd olunub.
Ziyarət çərçivəsində tərəflər arasında bir sıra ikitərəfli razılaşmaların da imzalanacağı bildirilib.
Çin lideri Si Cinpin Ukrayna müharibəsinin başlanmasından bəri Rusiyaya üçüncü dəfə səfər edir. O, 2023-cü ilin martında yenidən prezident seçildikdən sonra ilk xarici səfərini Rusiyaya etmiş, 2024-cü ilin oktyabrında isə Tatarıstanın paytaxtı Kazanda keçirilən BRICS Zirvəsində iştirak etmişdi.
İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə iki ölkə liderinin qarşılıqlı səfərləri nəzərdə tutulur. Si Cinpinin Rusiyadakı tədbirlərdə iştirakı sonrası, Vladimir Putinin də sentyabr ayında Çində keçiriləcək anma mərasimlərinə qatılması gözlənilir.
Çin, ABŞ ilə geosiyasi rəqabətin və Asiya-Sakit okean bölgəsindəki qarşıdurmaların artdığı bir dövrdə, Ukrayna müharibəsi səbəbindən Qərb qarşısında oxşar təzyiqlərlə üzləşən Rusiya ilə yaxınlaşma siyasəti aparır.
Pekin və Moskva ikitərəfli münasibətlərini “yeni dövrdə geniş strateji koordinasiya tərəfdaşlığı” kimi tanımlayır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bu iki ölkə, Qərbin təsirinə qarşı qlobal məsələlərdə bir-birini dəstəkləyən mövqelər sərgiləyir. Hər iki ölkə, özlərinin təsis etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi çoxtərəfli platformalarda da əməkdaşlıqlarını davam etdirir.
Mədinə Cəlilova
17:43 04.05.2025
Oxunuş sayı: 728